"Rusiya ilə bərabər, Qazaxıstan, Türkmənistan və İran da məsələlərə aydınlıq gətirməlidir" - Partiya sədri    

"Biz Prezidentimizin tutduğu prinsipial mövqeyini yüksək qiymətləndiririk”

“Prezident İlham Əliyevin rusiyalı həmkarına zəng edib, Rusiyanın niyə təcavüzkar Ermənistana silah göndərməsi məsələsinə aydınlıq gətirilməsini istəməsi olduqca təqdirəlayiq haldır”. 

Bunu “Sherg.az”a Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, dövlət başçımızın Rusiya liderinə bu yöndə zəngi rəsmi Bakı tərəfindən ölkəmizin suverenliyinin qorunması məqsədilə atılmış addımdır: 

“Bu onu göstərir ki, Azərbaycan öz dövlətçilik maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir. Belə həssas məqamlara aydınlıq gətirilməsinə təşəbbüs göstərmək Azərbaycanın haqqı, hüququdur. Rusiya ilə bərabər, Qazaxıstan, Türkmənistan və İran da təcavüzkar ölkəyə strateji əhəmiyyətli hərbi yüklər aparan Rusiyaya məxsus “İL-76” ağır hərbi-nəqliyyat təyyarələrinə hava məkanı ayırmalarına və yüklərin xarakteri ilə niyə maraqlanmamalarına aydınlıq gətirməlidirlər. Çünki ən azından qonşuluq, müttəfiqlik münasibətlərinin ruhu, fəlsəfəsi belə bir davranış nümunəsini tələb edir. Bu mənada ümid edirik ki, adları çəkilən ölkələr sözügedən məsələ ilə yaxından maraqlanacaq və fakt üzrə araşdırma aparıb nəticələri barədə rəsmi Bakıya səmimi izahat verəcəklər. Biz Prezidentimizin bu məsələ ilə əlaqədar tutduğu prinsipial mövqeyini dəstəkləyir və onun dostluq və mehriban qonşuluq prinsiplərinin gözlənilməsinə ehtiyac olduğunu müttəfiq saydığımız ölkələrin liderlərinin diqqətinə çatdırılması istiqamətində səylərini yüksək qiymətləndiririk”.