Ermənistan: şiddətlənən pandemiya, naşı idarəetmə, məmur qarşıdurması... – İflic !

“Əhalinin sosial vəziyyəti, yemək-içməyi yaxşı olmadığı üçün immun sistemi zəifdi”

“Paşinyan pandemiyanı bəhanə edib fövqaladə vəziyyəti uzadır ki, camaatı idarə edə bilsin, lazım olandan əhaliyə təzyiq etsin”


Ermənistanda koronavirus xəstələrinin sayı getdikcə artır. Bununla bərabər, sosial-iqtisadi problemlər də ağırlaşır. Dövlətin pandemiyaya qarşı mübarizə planı mövcud deyil. Ölkədə virusun yayılmasına qarşı mübarizə aparan orqanların fəaliyyəti, demək olar ki, nəzərə çarpmır. 

Vəziyyətin dramatik şəkil almasında, şübhəsiz ki, 2018-ci ilin “məxməri inqilab”ından sonra vəzifələrə təyin edilən kadrların fors-major şəraitə hazır olmamaları və təcrübəsizlikləridir. Bəzi dövlət orqanlarının iflic vəziyyətə düşməsi, respublikadakı böhranın və daxili siyasi problemlərin aradan qaldırılmaması da vəziyyətin gərginləşməsində əsas rol oynayır.

Eyni zamanda, idarəetmədəki naşılıq üzündən yaranan məmurların qarşıdurmaları ölkəni pandemiyaya qarşı ciddi və səmərəli mübarizə aparmaqdan yayındırır.



Ermənistanda baş verənləri “Sherg.az”a dəyərləndirən siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan koronavirusa yoluxanların və ölənlərin sayına görə regionda birinci yerdə, dünyada isə ilk onluqdadır.
Politoloq qeyd edib ki, Ermənistanda əhalinin virusa yoluxmasının əsas səbəbi ölkədə əvvəlcədən sosial-iqtisadi problemlərin mövcudluğudur:

“Əhalinin sosial vəziyyəti, yemək-içməyi yaxşı olmadığı üçün immun sistemi zəifdir. Ona görə də düşmən ölkədə koronavirusa yoluxanların sayı çoxdur. Hazırda koronavirusla bağlı əlavə nüans var. Bu da siyasi nüansdır. Yəni Paşinyan pandemiyanı bəhanə edib fövqaladə vəziyyəti uzadır ki, camaatı idarə edə bilsin, lazım olandan əhaliyə təzyiq etsin. Ona görə baş nazir çalışır ki, pandemiyaya dair durum daha da gərginləşsin”. 

M.Əhmədoğlu Ermənistanda pandemiya ilə bağlı durumun gərginləşməsinin digər səbəbini də açıqlayıb:

“Koronavirusla bağlı beynəlxalq aləmdə xeyli maliyyə proqramları var. Müəyyən miqdarda yardımlar edilir. MDB ölkələrinin böyük əksəriyyətinə yardım ayırıblar.
Ən çox yardım ayıran isə Avropa İttifaqıdır (Aİ). Aİ artıq 3-cü dəfədir ki, Moldova, Gürcüstan və Ukraynaya yardım edir. Amma Aİ-dən hamıdan çox yardım istəyən Ermənistandır. Beynəlxalq maliyyə qurumları və Aİ hələ Ermənistana ciddi yardım ayırmayıb. Əsasən yardımı ayıran Amerikadır. O da 5 milyondan artıq yardım etmir.

Paşinyan ümid edir ki, nə vaxtsa pandemiya adı ilə beynəlxalq aləmdən yardım alacaq. Lakin inanmıram ki, yardımı ala bilsin. Ermənistanda pandemiyanın getikdə ağırlaşan durumu məhz bununla əlaqədadır”.