“Ciddi pozuntu olsa, daha sərt tədbirlər görülə bilər” – Efirlərə nəzarət !

“ATV” və “Lider” telekanalının yayımı 3 saatlıq dayandırılacaq. Bununla bağlı Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. İclasda 1-10 avqust 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub. 4 avqust 2020-ci il tarixdə “Lider” televiziya kanalının efirində 17 dəqiqə 25 saniyə reklam yayılıb.

Nəticədə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Lider” televiziya kanalının efirində 22 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək dayandırılması haqqında qərar qəbul edib. Həmçinin 10 avqust 2020-ci il tarixdə “ATV” televiziya kanalının efirində 15 dəqiqə 46 saniyə reklam yayılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Qanunun 23.1-ci maddəsinə əsasən “ATV” televiziya kanalının efirində 20 avqust 2020-ci il tarixində proqramların yayımı 3 saatlıq müddətədək dayandırılacaq.

Bu qaydaların televiziyalardakı vəziyyəti nizama salıb-salmaması müzakirə mövzudur. Kimi məlum addımların yetərli olduğunu, kimi isə şərtlərin daha da sərtləşməli olduğunu iddia edir.
 
Vəziyyəti dəyərləndirən teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəyli “Sherg.az”a bildirib ki, reklam qaydalarını pozduqları üçün televiziyalara qoyulan qadağalar çox normaldır:

“Qanunvericilik cəzaların belə olmasına icazə verir. “ATV” və “Lider” kanalının yayımına qoyulan məhdudiyyət reklam dəqiqələri ilə bağlıdır. Yayımın dayandırılması televiziya yaradıcılığına aid deyil. 

Ciddi bir pozuntu olsa, daha sərt tədbirlər görülə bilər. Amma reklam dəqiqələri xırda bir pozuntudur. Ona görə daha artıq cəza verilə bilməz”.