Cənablar, onlara da yol verin

Velosiped artıq günümüzün reallığına çevrilir

“Dünyanın, xüsusilə də Avropanın bir çox iri şəhərində velosiped nəqliyyat vasitəsidir. Velosipedin məhz nəqliyyat vasitəsi kimi istifadəsi hər mənada sərfəlidir - ekoloji cəhətdən təmizdir, insanların sağlamlığına müsbət təsir göstərir, infrastrukturu ucuz başa gəlir, tıxacların və hərəkət sıxlığının aradan qaldırılması üçün də ən effektiv alternativlərdən biridir.

Buna görə, dünyanın iri şəhərlərində velomədəniyyət gündən günə populyarlaşır”. 

“Sherg.az” xəbərinə görə, bu sözləri Milli Məclisin deputatı Nigar Arpadarai şəxsi feysbuk səhifəsində yazıb. O Bakının mərkəzində nəqliyyat hərəkətinin sıxlığını nəzərə alaraq, bu sıxlığın aradan qaldırılması, ümumi ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə alternativ nəqliyyat vasitəsi kimi, velosiped infrastrukturunun (velosiped zolaqları, müvafiq nişanlanma, velosiped dayanacaqları və s.) yaradılmasının tam zamanı olduğuna əminliyini ifadə edib:

“Əlbəttə, bu uzunmüddətli, böyük bir layihədir və insfrastrukturun yaradılması ilə yanaşı vətəndaşların və avtomobil sürücülərinin maarifləndirilməsinə də ehtiyac var, bu isə zaman tələb edəcək.

Amma Bulvar ərazisindən başlamaq ən məntiqi bir yoldur. Bakı sakinlərinin ən sevimli istirahət məkanlarından biri olan Bakı Bulvarının uzunluğu 16 km olmaqla, Bakı Ağ Şəhər Bulvarından Bayıl bulvarının sonunadək olan ərazini əhatə edir.

Son illər, Bulvarda velosiped sürənlərin sayı gündən günə çoxalır, amma vətəndaşlarımız üçün bu daha çox əyləncədir. Digər tərəfdən, Bulvarın ancaq bir hissəsində velosipedlərin sərbəst hərəkəti üçün yer ayrılıb.

Hazırda velosipedçilərin sayı artdıqca, onların üzləşdiyi problem artır, onları bəzən saxlayırlar, bəzən onlar piyadalara mane olur, yəni bu sahədə tənzimləmə olmalıdır.

Mən bununla bağlı Bakı Bulvar İdarəsinə sorğumu yönləndirmişəm və yaxın aylar ərzində aidiyyatı olan qurumlarla bu mövzunun müzakirəsini planlaşdırıram”.