Azərbaycan diasporu çətinliyə baxmayaraq öz sözünü deyir

Hədəflərə çatmaq üçün strategiya ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulmalıdır

Ermənistanın təcavüzkar siyasətinin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ciddi addımlar atılır. Müvafiq dövlət qurumlarımız, media orqanları, qeyri-hökumət təşkilatları, ictimai fəallarımız bütün platformalardan istifadə edərək ermənilərin işğalıçılıq faktını dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Lobbi quruculuğu istiqamətində bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilir. Heç şübhəsiz, bu istiqamətdə önəmli fəaliyyət göstərən və müəyyən uğurlara imza atan strukturlardan biri də xaricdəki diaspora təşkilatlarımızdır. Məlumdur ki, Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə yanaşı, düşmən ölkənin mediası Dağlıq Qarabağ və ətraf ərazilər, onların tarixi haqqında fasiləsiz yalan məlumatlar yayır, tarixi saxtalaşdırırlar.

Ermənistan xəbər agentlikləri Azərbaycan və onun ordusu haqqında heç bir reallığa uyğun olmayan məlumatları tirajlamaqdan çəkinmir. Belə çətin məqamda diaspora təşkilatlarımız, xaricdəki fəallarımız informasiya müharibəsində rəqibə imkan verməmək, beynəlxalq informasiya mərkəzləri ilə əməkdaşlıq etmək, texnologiyanın üstünlüklərindən yararlanmaqla erməni zorakılığı barədə xarici KİV-ləri daim məlumatlandırmalıdır. 

Azərbaycan diasporunun əsas hədəfi ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsinə nail olmaqdır.

Bu baxımdan Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər zaman prioritet təşkil edir. Vurğulamaq lazımdır ki, əldə olunan müəyyən nailiyyətlərə rəğmən, hələ də diasporamızın görməsi gərəkən çoxsaylı işlər, mühüm tədbirlər var. Unutmaq olmaz ki, hər addımımıza qarşı erməni lobbisi ən çirkin üsullara, saxtakarlıqlara əl ataraq iki-üç addımla cavab verir və Azərbaycana qarşı mübarizədə fasiləsiz aparılır. 

Özbəkistanda “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiya”sının (AMMA) fəxri sədri Akif Ağatalıbov diasporumuzun bu istiqamətdə görməli olduğu işlərlə bağlı fikirlərini “Şərq”ə bildirib. Öncə xatırladaq ki, Akif Ağatalıbov Ənvər oğlu 1958-ci ildə Bakı şəhərində anadan olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb, 1980-ci ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. 

2002-ci ildə Özbəkistanda “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası”nı (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Assosiasiyanın bölmələri fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adıçəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. 

Öz hesabına Azərbaycan reallıqlarının, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb.

Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür.

Akif Ağatalıbov bizimlə söhbətində qeyd edib ki, Azərbaycan diasporu ötən illər ərzində çox çətin və şərəfli bir yol keçib. Onun sözlərinə görə, diasporumuz bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib, dünya ölkələrində formalaşıb və güc mərkəzi kimi özünü göstərib:

“Bu gün soydaşlarımız yaşadıqları ölkələrin sosial-mədəni, ictimai-siyasi və iqtisadi həyatında daha fəal rol oynayır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında çalışır. Diasporumuzun əsas hədəfi Azərbaycan və  Dağlıq Qarabağ həqiqətlərinin, haqq səsimizin xaricdə yayılmasıdır. Bu hədəflərə çatmaq üçün strategiya ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulmalıdır. Təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir”. 

Qurumun fəxri sədri bəyan edib ki, dövlətimiz Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinə geniş informasiya verilməsi istiqamətində iş aparır. Bu istiqamətdə diaspora təşkilatlarından da çox şey asılıdır: “Görülən bütün işlər son nəticədə Azərbaycanın tanıdılmasına xidmət edir. Bunun üçün də güclü lobbi quruculuğu işi aparılmalıdır. İstənilən halda lobbiçilik işinin necə aparılmasını araşdırdıqda öncə bunun strategiya və taktikasını müəyyən etmək lazımdır. Diaspora fəaliyyəti elmi metodlara əsaslanmalıdır. Faciələrimizi özümüzün yox, başqa xalqların tanınmış simalarının dili ilə dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Digər xalqların soyqırımlarının tanıdılması kampaniyalarında iştirak edib paralel olaraq Xocalı soyqırımını da tanıtmalıyıq. Xarici, ilkin olaraq dost ölkələrin universitetlərinin dərsliklərində azərbaycanlılara qarşı edilən soyqırımları ilə bağlı məlumatlar vermək mümkündür. Qondarma erməni soyqırımını tanıyan ölkələrə müraciət edərək, həmin ölkələrlə sıx işləmək, bu qərarın yanlış olduğunu dəlil-sübutlarla izah etməliyik. Bunu üçüncü ölkənin jurnalistlərinin etməsi daha məqsədə uğundur. Azərbaycan diasporasının inkişafı, vətənimizin xaricdə təbliği, informasiya müharibəsinin aparılması istiqamətində soydaşlarımız daha da mütəşəkkil olmalıdır”.

A.Ağatalıbov hazırda Özbəkistanda Qarabağ həqiqətlərinin, mədəni irsimizin geniş təbliğ olunduğunu dedi:

“Hər bir xalqın mədəniyyəti onun tarixi keçmişini və milli şüurunun inkişaf səviyyəsini nümayiş etdirən çox mühüm amildir. Bu mənada, tam əminliklə demək olar ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi dünya mədəniyyətinin ən qiymətli səhifələrindən biridir. Son illərdə Özbəkistanda soydaşlarımız arasında mədəni irsimizin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliğində məqsədyönlü iş aparılıb. 2010-cu ildə Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Azərbaycanlıların yığcam yaşadıqları Daşkəndin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev küçəsində yerləşən mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Məsələn, Mərkəzdə “Azərbaycan, Qarabağ və sülh üçün oxu” adlı musiqi klipinin təqdimatı olub. Musiqi klipinin əsas məqsədi Azərbaycan-Özbəkistan dostluğunu, həmrəyliyini təbliğ etməklə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini tanıtmaq, haqq işimizin, Azərbaycan xalqının iztirablarının dünyaya çatdırılması, xalqımızın sülhsevər obrazını möhkəmləndirmək və təbliğ etməkdir. Bildiyimiz kimi, bu ilin fevralından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihənin icrasına başlayıb. Layihəyə əsasən, “Qarabağ atı” animasiya filmi özbək dilinə dublyaj edilib. Film artıq nümayiş olub. “Qarabağ - əcdadlarımızın mirası” sənədli filmi təqdim olunub. “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqələri keçirilib”. 

A.Ağatalıbov vurğulayıb ki, “Wikipedia.org” beynəlxalq elektron ensiklopediyasında özbək dilində Azərbaycana dair yeni bölmələr yaradılıb:

“Mövcud bölmələrin zənginləşdirilməsi məqsədi ilə Qarabağ, onun Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, abidələri, adət-ənənələri və s. haqqında məlumatlar toplanır. Bu mövzuda foto, rəsm, moda sərgiləri təşkil olunub. “Youtube” kanalında video-materiallar yerləşdirilib. Tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstərilib. Özbək, rus və Azərbaycan dillərində kitabların, video-çarxların, filmlərin subtitrlərlə hazırlanması həyata keçirilib. Bu il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi, “Qarabağ muğam qrupu”nun Özbəkistanda çıxışı da nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan Azərbaycan torpaqlarının geri qaytarılacağına hər bir azərbaycanlı inanır”.