İri toqquşmalar gözlənilmir

Türkiyə Aralıq dənizində istədiyini əldə edəcək

Türkiyə “Oruc Rəis” seysmik tədqiqat gəmisini 10-23 avqust tarixləri arasında araşdırmalar aparmaq üçün Aralıq dənizinin şərqinə göndərib və “Navteks” elan edib. “Navteks” - ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıqdır. Bu xəbərdarlığın tələblərinə əsasən, tədqiqat işləri aparan gəmilərə 6 dəniz mili qədər məsafədə dayanmalısan.

Başqa gəmilər bu qadağanı pozarsa, onların təhlükəsizliyinə təminat verilmir və dəniz hüququna görə, “Navteks” elan edən ölkənin əraziyə icazəsiz girən gəmilərin qarşısını almaq hüququ var.

Türkiyənin Aralıq dənizində “Navteks” elan etməsinin səbəbi təkcə elmi tədqiqat məqsədi daşımır. Başlıca səbəblərdən biri də Yunanıstanla başqa dövlətlər, xüsusilə Misir arasında Kipr yaxınlığında qaz yataqlarının araşdırmasının və istismarının qarşısını almaqdır. Son həftələrdə bölgədə rəqabət daha da sərtləşib.

Türkiyənin Liviya ilə razılaşmasından sonra Yunanıstan-Misir arasında da anlaşma imzalanıb. Rusiya, ABŞ, Fransa, İtaliya və bölgədəki digər ölkələr də Aralıq dənizi üzərində iqtisadi, siyasi və hərbi rəqabətə üz tutublar. Türkiyə isə bütün imkanları ilə öz hüquqlarını qorumağa cəhd göstərir. Ankaraya ən sərt formada qarşı çıxan ölkə Yunanıstandır. Türkiyə rəsmiləri isə vurğulayır ki, Yunanıstanın etirazlarının heç bir hüquqi əsası yoxdur. Aralıq dənizində gərginliyi artıran tərəf Ankara deyil, məhz Afinadır.   

Aralıq dənizində yaşanan gərgin prosesləri “Şərq”ə şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Aralıq dənizi tarixən türklərin nəzarətində olub. Partiya rəhbərinin sözlərinə görə, Birinci Dünya müharibəsindən sonra Türkiyənin dənizlərdəki hüquqları məhdudlaşdırılıb:

“İndiki Türkiyə çox güclü hərbi-siyasi potensiala malikdir. Bu baxımdan qardaş ölkə Aralıq dənizində istədiyini əldə edəcək. Türkiyə dənizdə ən azı özünə çatan payı alacaq. Yunanıstan və digər Qərb ölkələri buna mane ola bilməz”. 

Politoloq Azər Qasımov da “Şərq”ə bildirib ki, Türkiyə 1923-cü il Lozan anlaşması ilə indiki sərhədlərinə həbs edilib. Ekspert vurğulayıb ki, Aralıq dənizində Antalya körfəzinə sıxışdırılan Türkiyə 100 ilə yaxındır 1982-ci il beynəlxalq qanunlarına əsasən, “quru sərhədindən dənizə 200 mil məsafədə söz sahibi olmaq” kimi şərtindən istifadə edə bilmir:

“Yunanıstan Türkiyənin bilavasitə sərhədində olan 15-dən çox irili-xırdalı adaları zəbt edib. Bu baxımdan Türkiyənin öz haqqı olan su sərhədlərinin mübahisəsini etməsi təbii haqqıdır. Xüsusilə bu ərazilərdə karbohidrogen yataqların olması məlumdur.

Deyilənə görə, ərazidə 3,5 milyard kubmetr qaz yataqları var. Türkiyə hazırda təkcə Yunanıstan yox, onun havadarları olan Fransa, Misir və digərləri ilə baş edəcək durumdadır. Qərb ölkələrinin Yunanıstana görə Türkiyə ilə münaqişəyə girmək kimi bir istəyi yoxdur.

Avropa parlamentində Yunanıstanın şikayəti ilə Türkiyəyə qarşı görülməsi istənilən tədbirlərə İtaliya, Macarıstan, Malta və bir neçə ölkə veto qoyub. Türkiyə və Yunanıstan arasında xırda münaqişələr olsa da, iri toqquşmalar gözlənilmir. İstənilən qarşıdurmada Yunanıstanın məğlub olacağı açıqdır”.