Səbrli olaq, daha çox dua edək

Allahın əmanəti olan canı qorumaq boynumuzun haqqıdır

Yaxşı olar ki, Məhərrəm ayında insanlar şəhid ailələrini, qazilərimizi ziyarət etsinlər, mübarək şəhidlərin müqəddəs analarının əllərindən öpsünlər, ehtiyaclı insanlara  yardım etsinlər


Həftənin cümə günü hicri-qəməri  təqvimiylə Məhərrəm ayı başlayır.  Məlumdur ki, bu ayda əziz islam peyğəmbərinin (s.ə.s) nəvəsi, İmam Hüseyn əleyhisslamın şəhadatə yetişdiyi 10 məhərrəm – Aşura günü müsəlmanlar tərəfindən  adətən xüsusi olaraq qeyd edilir, əza məclisləri təşkil olunur. Lakin bu il fərqlidir. Dünyanı bürümüş koronavirus pandemiyası səbəbindən mart ayından etibarən  Azərbaycan Respublikası Nazirlər Kabineti insanların məscidlərə toplaşmamasını, kütləvi dini mərasimlərin keçirilməməsini tövsiyə edib.

Virusun yayılma  təhlükəsi, yoluxma riskinin böyük olduğu nəzərə alınaraq xüsusi karantin rejimi dövründə isə  istər nişan, toy, ad günləri və başqa toplantılar, istərsə də yas mərasimlərinin, dini ritualların kütləvi surətdə keçirilməsi qadağan edilib. Vəziyyətin ciddiliyini qəbul edən inanclı kəsim də qadağalara  riayət edir. Karantin qaydalarına uyğun olaraq bu il məhərrəm ayında kütləvi təziyə məclisləri təşkil olunmayacaq. Nəzərə alsaq ki, hətta ən qatı sovetizm dönəmində məscidlərdə Aşura mərasimləri keçirilib, uzun illər sonra mərasimlərin təxirə düşməsi Azərbaycan islam tarixində bəlkə də bir ilkdir. Bu mənada insanların qeyri-müəyyən vəziyyətdə qalması da anlaşılandır.

Məscidlərdə kütləvi dini mərasimlərə adət etmiş insanlar  indiyədək qarşılaşmadıqları şəraitlə üzləşiblər. Onu da xatırladaq ki, illərdir ölkəmizdə keçirilən və dünyada bir ilk olan Aşura günü məscidlərdə, dini ibadət ocaqlarında təşkil olunan kütləvi qanvermə aksiyalarının keçirilməsi də məhz karantin rejimi qaydalarına uyğun olaraq təxirə salınır. Ehtiyacı olanlara qan vermək istəyənlər fərdi şəkildə yerli tibb müəssisələrinə müraciət etməlidir. Şərtlərin dəyişdiyi bir vaxtda təbii ki, ilahiyyatçılar, din xadimlərinin tövsiyələri ən doğru yol göstəricidir. 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında  qeyd etdi ki, Azərbaycan xalqı əziz islam peyğəmbəri (ə.s.ə) və onun nəvəsi İmam Hüseynə sevgi və bağlılığını əsrlərdir nümayiş etdirir: 

- Bu sevgi və bağlılıq şəraitdən asılı olmayaraq daim nümayiş olunub. Baxmayaraq ki, Məhərrəm ayı hicri təqviminin ilk ayıdır və düşünmək olardı ki, ilin başlanğıcı sevinclə qarşılanmalıdır, lakin məhz Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın şəhid edilməsi və bununla da tarix səhifələrindən heç bir zaman silinməyəcək, qiyamətədək xatırlanacaq və xatirəsi uca tutulacaq İmam Hüseyn şəhidlik məktəbinin əsasının qoyulması baş verdiyi üçün müsəlmanlar bu ayı kədər və hüznlə qarşılayır, əzadarlıq məclisləri təşkil edirlər. 

Hətta Azərbaycanda yaşayan digər dinlərin mənsublarının  da İmam Hüseynin xalqımız üçün bir dəyər olduğunun fərqinə vararaq və qəbul edərək əzadarlıq məclislərində iştirak etdiklərinə şəxsən şahid olmuşam. Bu da əlbəttə ki, Azərbaycanda bütün digər dinlərin mənsubları ilə aramızdakı münasibətlərin  birlik və bərabərliyə, qarşılıqlı hörmət, mərhəmət və şəfqətə, barışa dayanmasının göstəricisidir. Lakin indi vəziyyət fərqlidir. Koronavirus dünyada tüğyan edir. Ölkəmizdə də karantin rejimi elan edilib. Düşünürəm ki, İmam Hüseyn aşiqləri məscidlərin açılmaması və kütləvi təziyə mərasimlərinin keçirilməməsi tövsiyələrini aqressiv qarşılamayacaq, Rəbbimizin bütün hökmlərinin bəndənin mənafeyinə hesablandığını əsas tutaraq yüksək əxlaq nümayiş etdirib, səbr və təmkinlə davranıb İmam Hüseynə layiq olduqlarını sübut edəcəklər. 

S.C.Əzimbəyli bildirdi ki, İmam Hüseynin xatirəsini əziz tutan müsəlman  bu ayda savab işlər görməyə can atmalıdır: 

- Bizim İmam Hüseyn məktəbindən dərs  alıb əyninə şəhidlik libası geyinib Vətənin müdafiəsinə qalxmış Qarabağ şəhidlərimiz var. Onlar Qarabağ şəhidlik məktəbinin əsasını qoyanlardır. Bu ayda İmam Hüseyn əleyhissalama həqiqi sevgi və bağlılığını sübut etmək istəyənlər şəhid ailələrini, qazilərimizi ziyarət etsinlər, mübarək şəhidlərin müqəddəs analarının əllərindən öpsünlər, ehtiyaclı insanlara  yardım etsinlər. Bu ayda, inşəllah, bol-bol dua etməklə, feys-savab əməllər işləməklə İmam Hüseyn əlehissalamın ruhunu da sevindirmiş olarıq.

Rəbbinə könül verib ona itaət edən bəndə bilməlidir ki, Allahın əmanəti olan canı qorumaq, mühafizə etmək boynumuzun haqqıdr. Necə ki, minlərlə igid oğullarımız əyninə kəfən geyinib Vətənin müdafiəsinə qalxdılar, biz də  mübarizənin önündə olmaq üçün  sağlamlığımızı qorumalıyıq. Bilməliyik ki, kütləvi mərasimlər hazırkı şəraitdə bizim sağlamlığımızı təhdid edir.

Hər bir inanclı insan bunu anlamalı və  qaydalara əməl etməlidir. İnşəllah, bu ayda Allahın bizdən razı qalacağı əməllərlə mənən silahlanaraq İmam Hüseyn şəhidlik məktəbini yenə yaşadacağıq. İmam Hüseynin şəfaəti dövlətimizin və xalqımızın üzərindən heç bir zaman əskik olmasın.