Xeyri yoxdur, ziyanı çoxdur

Körpələrlə bu cür davranışlar qətiyyən yolverilməzdir

Belə hərəkətlərin beyinə qansızmadan tutmuş ölümə qədər ağırlaşması var. Üstəlik, qol və ya ayaq çıxıqları, sınıqlar, travmalar hər dəqiqə gözləniləndi

Körpəsinin ayağından tutub, onu kukla kimi yelləyən ata və buna mane olmayan ana 10 sutkalıq həbs cəzası alıblar. Meşədə çadırda yaşayan Belqorod sakinlərini ələ verənsə bir nəfərin atanın körpəni kukla kimi fırlatması görüntülərini instaqram üzərindən paylaşması olub. "Sputnik Azərbaycan" "RİA Novosti"-yə istinadən bildirir ki, Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin verdiyi məlumata görə, həbs olunanların üzərində narkotik maddə - marixuana aşkarlanıb,  2 aylıq körpə isə xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsinin olmadığı bildirilib.  

Bir müddət öncə İnstagram sosial şəbəkəsinin Soçidən olan istifadəçisi meşədə stulda əyləşərək uşağının ayağından tutub onu başıaşağı yelləyib fit çalan kişinin videosunu paylaşıbmış. İnsident polisin diqqətini çəkib. Araşdırmalardan sonra şənbə günü valideynlərin şəxsiyyəti müəyyənləşib. Məlum olub ki,  35 yaşlı Moskva və 27 yaşlı Belqorod sakinləri olan ər-arvad meşədə çadırda yaşayırlarmış. Soçiyə ilin birinci yarısında gəliblər, iyunda isə onların uşağı doğulub. Hadisəni Baş Prokurorluq da araşdıracaq.

Körpəni gəlincik əvəzi oynadan valideynlərin üzərindən narkotik də tapılıb, bu ayrı. Bəlkə də narkotik istifadəçiləridr.  Necə deyərlər, keflərinin “xoş vaxtı”na düşüb, körpəni fır-fır fırıldadırlarmış. Amma körpə ilə bu şəkildə rəftar  bizlərdə də nadir sayılmaz, hətta çox rast gəlinəndi. Körpəni belə amansız şəkildə "oynadan" valideynlər, yaxınlar - dayı, əmi, xala, bibi...  nə qədər desən tapılar. Körpənin qolundan, ayağından tutub fırladırlar.  Daha çox fırlatmaq və daha hündürə atmaq, bizlərdə "prestijni" sayılır. Öyünürlər, videoya çəkib sosial şəbəkəyə yerləşdirirlər ki, görün uşağı “hara” atıram?!.  Etiraz edənlərə də cavab verirlər ki, “qoy canı möhkəm olsun”. Amma “canı möhkəm olsun”a hesablanarkən  uşaq canından olmasın?!  Bu cür hərəkətlər körpələrə nə dərəcədə ziyanlıdır, bəlkə həqiqətən xeyirlidir? 

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında  körpə ilə bu cür davranışların qətiyyən yolverilməz olduğunu dedi: 

- Tibdə belə bir sindrom var, tibbi baxımdan bu cür hərəkətlər yolverilməzdir. Təkcə bizimkilər atıb tutmur körpələri,  başqa xalqlarda da bu var.  Ən çox ögey valideynlər və dayələr bu cür sərt hərəkətlərə yol verirlər. Amma doğma valideynlər də öz övladını atıb tutur.  Xeyri yoxdur,  ziyanı çoxdur. Belə hərəkətlərin beyinə qansızmadan tutmuş ölümə qədər ağırlaşması var. Üstəlik, qol və ya ayaq çıxıqları, sınıqlar, travmalar hər dəqiqə gözləniləndi. Bəzən valideynlər özlərini idman ustalarının,  yüngül atletika məşqçilərinin yerinə qoyurlar. Boş yerə. Müəllim, məşqçi hansı hərəkət necə icra edilməlidir, bilir. Fırlanmanın, atlanıb-düşmənin qaydası var. Valideyn atletik hərəkətlərə bələd olmadan, kustar yolla körpəni atıb-tutur, fırladır, nəticə bəzən fəlakətli olur.  

V.Qarayev körpə ilə bu şəkildə davranmanın həm də işgəncə elementi olduğu qənaətindədir:  

- Hüquqi baxımdan da düzgün deyil. Avropada cəzalandırırlar belə valideynləri. Bizim ata-analara qəribə görünər, uşağı atıb-tutmaq üstündə gəlib onları cəzalandırsalar.