Ermənilərin paytaxt köçürmə xülyası ! - “Paşinyan “Qarabağ kartı”ndan istifadə edir”

“Bu gün daxili rəydə Paşinyanın reytinqi sürətlə aşağı enir”

“Çünki o, iqtisadi rifahın yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi. Pandemiya ilə də bağlı vəziyyət də çox  pisdir”

"Baş nazir Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuran açıqlamalar verib, absurd fikirlər səsləndirməklə öz reytinqini saxlamaq istəyir”


Ermənistan KİV-lərində bu ölkənin işğal etdiyi Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yayılıb. 

Bu xəbər Azərbaycan ictimaiyyətində geniş narazılığa səbəb olub. Yerli politoloqların fikrincə  bu hal  beynəlxalq ictimaiyyət tərəfindən kəskin surətdə qınanmalıdır.   Mütəmadi xarakter almış belə addımların  münaqişənin tənzimlənməsinə mane olmaqdan başqa heç nəyə xidmət etmədiyini də xüsusi qeyd olunub.



“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri , politoloq  Əhəd Məmmədlinin "Sherg.az"a açıqlamasına görə, Azərbaycan bu vaxta qədər beynəlxalq hüquq normalarına uyğun olaraq prosesə sərt müdaxilə etməli və işğal altında olan torpaqlarımızda antiterror əməliyyatları həyata keçirməklə ərazi bütövlüyünü bərpa  etməli idi: 

"Aydın məsələdir, rəsmi Bakının hələ də gözləmə mövqeyində dayanmasının obyektiv və subyektiv səbəbləri var. Və biz bu məsləyə dəfələrlə toxunmuşuq. Ermənilərin vaxtaşırı paytaxtın Xankəndindən Şuşaya köçürülməsi məsələsini qabartmasına gəldikdə isə Paşinyan bu yolla öz hakimiyyətini sığortalayır.

Bilirsiniz ki, o baş nazir olanda erməni xalqına böyük vədlər  verdi, Onları Ermənistanın az qala Cənubi Qafqazın Sinqapuruna çevriləcəyi xülyasına inandırdı. Amma bu gün daxili rəydə Paşinyanın reytinqi sürətlə aşağı enir.

Çünki o, iqtisadi rifahın yüksəldilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi. Pandemiya ilə də bağlı vəziyyət də çox  pisdir.  Və bu problemlərin öhdəsindən gələ bilməyən Paşinyan Qarabağ münaqişəsi ilə bağlı qıcıq doğuran açıqlamalar verib, absurd fikirlər səsləndirməklə öz reytinqini saxlamaq istəyir. Biz sözlə, baş nazir “Qarabağ kartı”ndan sağına-soluna istifadə edir.

Amma onun öz hakimiyyətini qoruması üçün bu deyilənləri reallaşdırması da istisna deyil.  Biz susqun qalıb, problemin sülh yolu ilə həllinə arxayın olub, Minsk qrupuna ümid bəslədiyimiz müddətdə  ermənilərin paytaxtı Xankəndindən Şuşaya köçürməsinə də şahidlik edəcəyik.

Necə ki, Xankəndində hava limanı tikib, Şuşada "andiçmə mərasimi"ni keçirdilər. Artıq Azərbaycan müdafiə mövqeyindən hücum taktikasına keçməli və işğalçı dövlətin qoşunlarını torpaqlarımızdan rədd etməlidir. Əks halda hələ onlar əsəblərimizlə çox oynayacaqlar".