Bayden seçki öncəsi jest edir ! - “Türkiyə bölgədə Vaşinqtona lazımdır”

“Ərdoğanla münasibətləri pozmaq ABŞ prezidentinin maraqlarında ola bilməz”

ABŞ-ın prezidentliyə ən şanslı namizədi hesab olunan Co Baydenin yanvar ayında Türkiyə barədə söylədiyi ağır ifadələr media orqanlarında dərc olunub. C.Bayden müxaliflərə dəstək verərək, Türkiyə iqtidarını məğlub edəcəyini bildirib:

“Düşünürəm ki, ona (Ərdoğana) çox fərqli bir yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Parlamentə töhfə vermək istəyən kürd təşkilatlarının inteqrasiyasını dəstəkləməliyik. Bu iş bir müddət yaxşı gedirdi”.

Bayden Türkiyədəki müxalif partiyaları, özəlliklə kürd təşkilatlarını dəstəkləyərək Ərdoğan hakimiyyətini yıxmaq barədə düşündüyünü də gizlətməyib:
“Buna görə çox narahatam. Ancaq mənim dediyim kimi, onlarla birbaşa əlaqələr qurub Ərdoğanı məğlub edəcək vəziyyətə gəlmələri üçün hələ də mövcud olan Türk liderliyi elementlərindən daha səmərəli faydalanmalı, onları gücləndirməliyik.

Çevriliş yolu ilə yox, seçkiylə. AKP partiyası  İstanbuldan kənara atıldı. Bəs biz nə edirik? Burda oturub ona boyun əyirik”.



Mövcud durumu “Sherg.az”a şərh edən “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, politoloq Azər Rəşidoğlunun fikrincə, Bayden seçki öncəsi sadəcə jest edir:

“Türkiyə NATO üzvü kimi bölgədə Vaşinqtona lazımdır. Bu baxımdan, Bayden prezident seçiləcəyi təqdirdə Ərdoğanla daha sıx əməkdaşlıq edəcək. Türkiyədə artıq çevriliş perspektivi olduqca kiçikdir. Ərdoğanla münasibətləri pozmaq ABŞ prezidentinin maraqlarında ola bilməz. Bunu siyasi blef kimi dəyərləndirirəm”.