Həkim əleyhinədir ! - “Burun eyni, dodaq eyni, göz eyni, qaş eyni...” – Kütləviləşir !  

“Maraq xətrinə əməliyyat elətdirmək doğru deyil”

“20 yaşlı bir qızın özünü estetik əməliyyat elətdirməsi ölümlə nəticələnmişdi” 

“Həm də gənclikdə əməliyyat ediriksə, yaşa dolanda nə edəcəyik?!”



Hüseyn Cavid “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək” sözləri, yəqin ki, çoxlarına tanışdır. Azərbaycan hüquqi-demokratik dövlətdir, kişilərlə qadınların hüquqları bərabərdir. Yəni zərif cins nümayəndələrinin gülməmələri üçün heç bir səbəb yoxdur. Əslində gülürlər də. Sadəcə məhz öz təşəbbüsləri nəticəsində təbəssümləri arasında, demək olar, heç bir fərq olmur. Nəinki gülüşləri, üz cizgiləri də, demək olar, eynidir. Səbəb isə uzaqdan xoş gələn, sonradan isə bəzən ciddi fəsadlarla nəticələnə bilən estetik əməliyyatların kütləviləşməsidir.

Qadınlar tez-tez üzlərində, o cümlədən burunlarında estetik əməliyyatlar aparırlar. Bir də baxırıq ki, dünən gördüyümüz, “sabahadək” deyib sağollaşdığımız qadın bu gün tamam fərqli görkəmdədir. Tanımayanda da deyirlər ki, “niyə tanımadın?”. Amma, eybi yox, belə qınaqlara dözmək olar. Bəs onların öz sağlamlıqları?



Tibb elmləri doktoru Şəmsiyyə Namazlı bu barədə “Sherg.az”a danışarkən qadınlara estetik əməliyyatları məsləhət görmədiyini deyib:

 “Xüsusilə gənc qızlar arasında belə əməliyyatlar bir növ dəb halını alıb. Əgər, həqiqətən, ehtiyac varsa, məsələn, gecə yatarkən nəfəs problemi yaranırsa, əlbəttə, əməliyyat zərurətə çevrilir. Amma, elə-belə, maraq xətrinə əməliyyat elətdirmək doğru deyil. Yadınızdadırsa, bir neçə il öncə 20 yaşlı bir qızın özünü estetik əməliyyat elətdirməsi ölümlə nəticələnmişdi. Həm də gənclikdə əməliyyat ediriksə, yaşa dolanda nə edəcəyik? Nəzərə almaq lazımdır ki, estetik əməliyyatlar əzələlərin, damarların müqavimət gücünü azaldır, onları formadan salır”.

 Ş.Namazlının fikrincə, estetik əməliyyatlar görünüş baxımından da xoşagəlməzlik yaradır: 

“Gənclik və gözəllik tanrının lütfüdür. Niyə bunun qiymətini bilməyək? Əgər məsləhət olmasa, Tanrı hərəni bir cür yaratmazdı. Biz çox vaxt populist meyillərimizə görə estetik əməliyyatlar edirik. Amma, beləliklə, bir-birimiz arasında heç bir fərq olmadığını unuduruq. Burun eyni, dodaq eyni, göz eyni, qaş eyni... Odur ki, mən bu cür addımların əleyhinəyəm.

Müşahidələr  göstərir ki, estetik əməliyyat edənlərin çoxunun tibbi bilikləri yoxdur. Niyə dünya liderləri qadınlar o qədər varidatlarına rəğmən heç bir estetik əməliyyat eləmirlər. Deməli, bir bildikləri var. Amma yenə də heç kəsin işinə qarışmaq olmaz. Bu, hərənin öz seçimidir”.