Düşmənin Gəncə hədəsinə münasibət: “İşğalçı cəzalanacaq !” 

“Onlar eyni ilə  Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də layiqli cavabı alacaqlar”


Tovuz təxribatının heç bir nəticə vermədiyini görən erməniləri indi də Gəncəni hədəf alıblar. Daha doğrusu, bizi Gəncə ilə hədələyir, bu ərazini vura biləcəklərini iddia edirlər. Əlbəttə, düşmənin belə təhdidlərini bütün azərbaycanlılar sadəcə istehza ilə və qeyri-ciddi qarşılayırlar.

Birincisi, ermənilərdə bu cəsarət varmı? İkincisi də, gecə-gündüz keşik çəkən Azərbaycan hərbçiləri belə bir həmləyə imkan verərlərmi? Əlbəttə, yox. Heç kimin şübhəsi yoxdur ki, ordumuz hansısa bir təhlükəni hiss etdiyi an erməniləri darmadağın edər. Bunu düşmənlər özüləri də yaxşı bilirlər. Ya da, ola bilsin, iş o yerə çatıb ki, öz yalanlarına özləri də inanırlar. 
 
Qarabağ  qazisi, kəşfiyyatçı baş leytenant  Kamil Musavi ermənilərin Gəncə təhdidləri barədə “Sherg.az”a danışarkən bildirib ki, bunlar boş və mənasız sözlərdir: 

“Ermənilər bizi istədikləri yerlə hədələyə bilərlər. Amma dedikləri ciddi məsələ deyil.

Nə isə eləmək istəyən bunu deməz, eləyər. Həm də bacarırsa, eləsin, görək, nə olur. Ola bilər ki, düşmən bu cür dezinformasiyalarla Azərbaycan ordusunun fikrini yayındırıb, başqa istiqamətdə təxribat törətsin.

Amma ordumuz onsuz da bütün istiqamətlərdə müvafiq tədbirləri görür. Düşmən növbəti təxribatı törədəcəyi təqdirdə, yenə də cəzalanacaq. Onlar eyni ilə  Tovuz döyüşlərində olduğu kimi, bu dəfə də layiqli cavabı alacaqlar”.