“Atatürk “Lozanna” müqaviləsinə görə fərqli bir Türkiyə dizayn etdi”

“Türkiyənin Kiçik Asiya yarımadasındakı hissədə dövlət bütünlüyünü təmin edə bildilər”

“Bu hadisələrin üstündən artıq 100 il keçib"
"Ermənistan prezidentinin belə bəyənatla çıxış etməsi onların anti-Türkiyə tezisinə söykənir”


Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb. Bəyənatda Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verilərək Türkiyəyə qarşı ittihamlar yer alıb. Düşmən ölkə bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə bu kimi cəfəng açıqlamalarla çıxış edir. Bütün bunlar rəsmi İrəvanın əsl niyyətinin işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.

Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil. Ümumiyyətlə, işğalçı ölkənin bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddidir. Separatçı rejimin Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur . Bəllidir ki, Ermənistanın belə bəyanatla çıxış etməsinin kökündə Türkiyəyə olan düşmənçiliyi dayanır. Yaxşı olardı ki, Ermənistan Aralıq dənizində gedən proseslərə müdaxilə etməkdənsə, Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutsun. 

Maraqlıdır, Ermənistanın məlum bəyanatının ciddi nəticələri ola bilərmi? 

Proses ətrafında fikirlərini “Sherg.az”la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, Ermənistanın belə açıqlama verməsi onların anti-Türk siyasətinin tərkib hissəsidir. 

Ekspert vurğulayıb ki, Türkiyə maraqlarına zidd olan bir dövlət varsa, Ermənistan onun yanında yer alır:

“Türkiyənin Aralıq Dənizinin Şərqində dəniz seysmik araşdırmalarını həyata keçirməsi Yunanıstanda, Misirdə, Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) və İsraildə narazılıq yaradır.

Fransa da daxil olmaqla bu ölkələr Türkiyə əleyhinə koalisiya formalaşdırmağa çalışırlar. Ermənistanın həmin koalisiyada yer alması əslində Osmanlı Türkiyəsinin son dönəmini xatırladır.

O dövrki müharibədə məğlub olduqdan sonra 1920-ci ildə “Sevr” müqaviləsi imzaladılar. Həmin müqavilə hüquqi qüvvə daşımır. Çünki 1920-ci ildə bağlanmış müqaviləyə görə, Türkiyənin ərazisi müttəfiq ölkələr arasında bölüşdürülməli idi. Ermənistana da müəyyən hissə düşürdü.

Amerikanın o zamankı prezidenti Vudro Vilsonun qərarı ilə Ərzurum, Trabzon, Van, Bitlis verilməli idi. Amma bu planların hamısını tarixin arxivinə atan şəxs milli azadlıq hərəkatını başladan Atatürk oldu. O qalib gələrək “Lozanna” müqaviləsinə görə tamamilə fərqli bir Türkiyə dizayn etdi. Türkiyənin Kiçik Asiya yarımadasındakı hissədə dövlət bütünlüyünü təmin edə bildilər.

Bu hadisələrin üstündən artıq 100 il keçib. Ermənistan prezidentinin belə bir bəyənatla çıxış etməsi yənə də onların anti-Türkiyə tezisinə söykənir. Türkiyə üçün çətin bir vəziyyətdir, 4 tərəfdə müharibə aparır. Ermənilər Türkiyəyə  qarşı 20-ci əsrin əvvəlində arxadan vurduğu kimi eyni siyasəti də yürütməkdədir”. 

Ə.Əlibəyli qeyd edib ki, tarixin məhz indiki zamanında Türkiyə həssas dönəmdən keçir:

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Tovuz döyüşlərindən sonra baş verən Azərbaycan-Türkiyə hərbi anlaşması fonunda Ermənistanın belə addım atması sırf həmin məqsədlərə dayanır. Düşmən ölkə hər zaman Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarını davam etdirib. Bunun belə bir izahı var: Tarixin hansı dönəmi olur olsun Ermənistan Türkiyə əleyhinə fikir söyləmək üçün bəhanə tapacaq. Bu hər zaman belə olub. İndi də davam edir”.