Bəzi TV-lərə İRAD: “Yarım il əvvəlin verilişi indi nə qədər aktual ola bilər ki...?! 

“6 ay əvvəl çəkilən verilişin bu gün efirə verilməsi peşəkarlıq  baxımından da nöqsanlıdır”


Karantin rejimi bir çox sahələr kimi, televiziya sektoruna da təsir göstərib. Kanalların əksəriyyəti karantin qaydalarına əməl etmək adı ilə veriliş çəkmir, aylar əvvəlki verilişləri yenidən efirə verirlər. Bəzilər bunu, həqiqətən, edir. Bəziləri isə...Məsələn ATV telekanalında yayımlanan “Zaurla günaydın” verilişindəki kadr hər kəsi təəccübləndirdi. Ekranın aşağısında “veriliş sosial izolyasiyası qaydalarının tətbiqindən öncə çəkilib” məlumatına, bəlkə də, inanmaq olardı.
Əgər aktrisa Məleykə Əsədova maska istifadə etməsə idi. Deməli, necə deyərlər, özlərini ifşa etdilər.  Ola bilsin, sonradan necə böyük səhv etdiklərini başa düşüblər. Amma gecdi daha, qatar artıq getdi...

“Azvision.az” saytının baş redaktoru,  tanınmış jurnalist Vüsal Məmmədov “Sherg.az”a bildirib ki, indiki məqamda ən optimal variant karantin qaydalarını qorumaq şərtilə yeni verilişlər çəkmək idi:

 “6-7 aydır, karantin şəraitində yaşayırıq. Yəni pandemiya yeni xəbər deyil.

Odur ki, karantin qaydalarını qorumaqla gündəmə uyğun verilişlər hazırlamaq olardı. Axı yarım il əvvəl çəkilən veriliş nə qədər aktual ola bilər ki, indi də maraqla qarşılansın?

Belə məqamları nəzərə almaq lazımdır. 6 ay əvvəl çəkilən verilişin bu gün də efirə verilməsi peşəkarlıq  baxımından da nöqsanlıdır”.