Məktəb tərbiyəsinin yerini heç nə verə bilməz 

İşləyən valideynlər var ki, onlar hər dəqiqə övladına nəzarət edə bilmir


“Bir sıra valideynlər var ki, pandemiyadan qorxuya düşüb, uşaqlarını məktəbə göndərmək istəməyəcəklər. Belə valideynlərlə xüsusi razılaşma protokolumuz olacaq”.
Bunu yeni tədris ilinə hazırlıqla bağlı canlı yayımda Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib. O bildirib ki, valideyn məlumatlandırılacaq ki, minimum birinci yarım il ərzində şagird valideynin nəzarəti altında həm teledərslərə baxmalı, həm də məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etməlidir.

Mütəmadi olaraq məktəbdə keçirilən seyrək cədvəllə də olsa, kiçik və böyük summativ qiymətləndirmələrdə gəlib iştirak etməlidir ki, uşağın birinci yarım il üzrə attestasiyası nəzərə alınsın. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq, şagird sıxlığını azalda biləcəyik”.

Təhsil eksperti Nabatəli Qulamoğlu “Şərq”ə açıqlamasında bildirib ki, valideynlərlə məktəb arasında mənəvi körpünün yaranması başlıca şərtdir. Onun sözlərinə görə, pandemiya şəraitində şagirdlər mütləq şəkildə təhsildən yayınmamalıdır:

“Son vaxtlar ölkəmizdə yoluxmaların sayında müəyyən qədər azalmalar var. Vəziyyət bu cür davam edərsə, müəyyən şərtlər daxilində məktəblərdə tədrisin başlanması mümkündür. Bəzi valideynlərin pandemiyadan qorxuya düşərək, uşaqlarını məktəbə göndərmək istəməməsini düzgün hesab etmirəm. Bu, valideynlərin öz övladlarının təhsilinə göstərdiyi biganəlikdən başqa bir şey deyil.

Şagirdlərin dərslərdə iştirak etməməsi onların bir şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Bildiyimiz kimi, şəxsiyyəti formalaşdıran əsas faktorlardan biri məsuliyyətdir. Uşaq bu məsuliyyəti ailədə görməyəndə onun şəxsiyyətində ciddi fəsadlar yaranır.

Onlar nə qədər teledərslərə baxsalar da, məktəbin təşkil etdiyi “virtual dərslər”də iştirak etsələr də, canlı dərslərin keyfiyyətini əsla verə bilməz. Bu il keçirilən virtual dərslər uşaqların kiçik və böyük summativ qiymətlərinin açıq-aşkar aşağı düşdüyünü göstərdi. Razılaşma protokoluna gəlincə, düşünürəm ki, valideynlər arasında bu protokol imzalansa belə, öz müsbət təsirini göstərməyəcək. Çünki işləyən valideynlər var ki, onlar hər dəqiqə övladlarına nəzarət edə bilmir.

Amma məktəbdə onlar daim müəllim kollektivinin nəzarəti altında olacaq. Hesab edirəm ki, bu, ümumiyyətlə yanlış addımdır. Fikrimcə, hər il olduğu kimi sentyabrın 15-də yenidən məktəblər açılmalı, hətta şagirdlər dərslərə maskasız buraxılmalıdır. Çünki maskalar uşaqlarda başlıca olaraq psixoloji oyanma yaradır”.