Liftdən yox, pilləkənlərdən istifadə daha məsləhətlidir

AHİB koronadan qorunmağın yollarını göstərir

Azərbaycan Həkimləri İctimai Birliyi (AHİB) əhaliyə COVİD-19-la bağlı tövsiyələrini yayıb.
"Şərq"in xəbərinə görə, AHİB-nin rəsmi məlumatında bildirilib ki, pandemiya dövründə əhalinin ən ümdə vəzifəsi karantin (əks-epidemik) davranışlarına (fiziki məsafə gözləmək, maska geyinmək və dezinfeksiya tədbirləri) ciddi əməl etmək, vətəndaş məsuliyyəti nümayiş etdirməkdir.

AHİB pandemiya zamanı əhalinin təsəvvürlərinin düzgün olmasını təmin etmək və onlara bu infeksiyadan qorunmaq üçün verdiyi tövsiyələrində üst geyimini çıxaran zaman onun açıq havada günə verilməsi, mümkün qədər liftdən deyil, pilləkənlərdən istifadə edilməsi, əgər istifadə ediləcəksə, içəri maska ilə girilməsi və onun düymələrinin salfetlə basılması tövsiyə olunub. Həmçinin verilən məsləhətlər sırasında mobil telefonların, videokameraların, əl çantalarının mütəmadi antiseptiklə təmizlənməsi, asqıran olduqda yoluxma riskini azaltmaq üçün dərhal gözlərin yumulub, nəfəsin dəsmalla və ya əlin arxası ilə tutulması, bayırda xüsusi qoruyucu eynəklərin taxılması da öz əksini tapıb.