"Hərbi klip çəkərkən hərbçilərin tövsiyələri öyrənilməlidir"



Heç kimə sirr deyil ki, mədəniyyətin bütün sahələrində vətənpərvərlik mövzusuna yer verilir, hər zaman diqqətdə saxlanılır. Tanınmış müğənnilər də hərbi geyimdə,  milli ruhlu mahnılar oxuyaraq kliplər çəkdirir, vətənə sevgilərini ifadə edirlər.

Əfsuslar olsun ki, bəzən həmin kliplərdəki nöqsanlar  diqqət çəkir. Ya hərbi geyim səliqəsiz formada olur, ya da klip qeyri-peşəkar şəkildə lentə alınır. Belə olduğu halda ordumuzun hərbi qaydalarını düzgün əks etdirməyən görüntülər ortaya çıxır. 

Bu barədə “Sherg.az”a danışan sevilən xanəndə, xalq artisti Mənsum İbrahimov deyib ki,  klip çəkilərkən peşəkarların, hərbçilərin tövsiyələrinin öyrənilməsi daha yaxşı olar:

“Tovuz hadisələrindən sonra, ordumuza dəstək yürüşü, sosial şəbəkələrdə  layihələr və sair, bütün bunların hamısı orduya dəstəkdir. Televizyalarda  “Əsgərə salam” kimi layihələr həyata keçirildi. 

Birində mən də iştirak etdim. Orda əsgər paltarında  çıxış elədik. Bu bir aksiya idi.  Hər kəs öz təbiətində edir, bunlara pis baxmıram. Çünki vətənpərvərlik mövzusunda nə isə etməyəndə deyirik ki, heç kim iş görmür.

  Edəndə isə  hərə bir "mız" qoyur. Təbii ki, o elə hazırlanmalıdır ki, səviyyəli şəkildə olsun. Professionallarla, hərbiçilərlə məsləhətləşməlidir. Hər halda hər kəs öz bacarığında dəstək göstərir.  Fikir özü yaxşıdır, amma onu daha peşəkarcasına etsələr, gözəl olar“.