Sosial media dərsləri təhsil proqramlarına salınsın

"Feyk xəbərlər sadəcə bizim bəlamız deyil, bütün dünya ölkələrinin ən ciddi müzakirə mövzusudur"

Sosial şəbəkələrin informasiya daşıyıcılığında önə keçdiyi indiki mərhələdə feyk xəbər axını getdikcə güclənməkdə, dövlətlərin, insanların həyatına sürətlə daxil olmaqdadır. Müasir dünyamızda sıravi insanlardan tutmuş, dövlət rəhbərlərinə qədər - çox geniş təbəqələr yalan xəbərlərdən əziyyət çəkməkdədir. Beynəlxalq media klublarının monitorinqi göstərir ki, bu gün inkişaf etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan yalan xəbərlərin həcmi ümumi xəbərlərin 40 faizinə, inkişaf etməkdə olan ölkələrdə isə 60 faizə bərabərdir. Yəni Avropa və ABŞ-da sosial şəbəkələr üzərindən yayılan məlumatların 40 faizi reallığı əks etdirmir.

Yalan xəbərlə mübarizə hazırda bütün beynəlxalq təşkilatların gündəmindədir. İndiyədək elə bir model tapılmayıb ki, onu tətbiq etməklə yalan xəbərlərin yayılmasının qarşısı əhəmiyyətli şəkildə alına bilsin. Son illərdə müxtəlif internet platformaları tərəfindən yalan informasiyaların yayılmasının qarşısının alınması üçün çoxsaylı tədbirlərə əl atılıb. Proses 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha aktiv xarakter alıb. “Facebook”, “Google” kimi nəhəng istifadəçi ordusu olan platformalar indinin özündə də yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədilə yeni-yeni proqramlar tətbiq etməkdədir. Lakin bu addımların effektiv nəticə verdiyini söyləmək mümkün deyil. Şəbəkə istifadəçiləri saxta xəbərləri yaymaq üçün hər dəfə yeni üsullardan istifadə edirlər. 

Azərbaycanda da feyknyusla mübarizədə müxtəlif metodlar təklif olunmaqdadır. “APA” Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı yalan informasiyalarla bağlı maraqlı təklif səsləndirib. Media rəhbəri bildirib ki, təhsil proqramlarına sosial media, internet və sosial media davranışları barədə dərslər daxil etmək lazımdır. Onun sözlərinə görə, bəlkə ayrıca bir dərsə ehtiyac yoxdur. Amma hansısa uyğun fənlərin daxilində tədris həyata keçirilməlidir. Ümumi anlayışlar öyrədilməli, sosial media davranışları aşılanmalıdır:

“Özümdən icad eləmirəm, artıq Avropa təhsil sistemi, Kembric və Oksford sistemli tədris həyata keçirən məktəblər bunu edir. Bu nəyə lazımdı? Birini yazım, o biriləri özləri araşdırsınlar. Məsələn, bu anlayışları fərqləndirən adam xəbəri oxuduğu hər mənbəyə inanmır. Anlayır ki, “youtube”, “facebook”, “instagram”, vikipediyada oxuduğu, izlədiyi hər şey doğru deyil. Məlumatı rəsmi mənbədən öyrənməyə çalışır, internet araşdırmasını öyrənir. Hər sayta, hər ekspertə inanmır. “Məlumat doğru deyil” deyəndə “youtube”də eşitdim”, “facebookda yazmışdılar” deyib, israr eləmir. Hər “fake” sayta, xəbərə inanmır. Nəticə? Nəticə də o olur ki, bu cür cəmiyyətləri feyk xəbərlə hər dəqiqə silkələmək olmur, şayiə mexanizmi çox az işləyir, hər bərk qışqıranın çox laykı olmur və o, şəbəkə fenomeninə çevrilə bilmir. Yenə hər şey gəldi çıxdı təhsilə”. Vaxtı ilə Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi də buna bənzər təklif irəli sürmüşdü. Giboi bildirmişdi ki, yalan informasiya aldadıcı, müəyyən maraqlara xidmət üçün istifadə olunur. Yalan xəbərlərin qarşısını almaq üçün məlumatın açıqlığından istifadə etmək, auditoriyaya feyk xəbəri ayırd etməyin yollarını öyrətmək lazımdır”. 

Baş redaktorun maraqlı təklifini “Şərq”ə dəyərləndirən Bakı Dövlət Universitetinin yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli günümüz üçün yararlı təklif olduğunu söyləyib. Professorun sözlərinə görə, mühüm təkliflər mütləq həyata keçirilməlidir:

“Xüsusən media savadlılığı deyilən bir anlayış orta məktəblərdə tədris olunmalıdır. Orta məktəblərdə çoxsaylı artıq fənləri yığışdıraraq onların yerinə zəruri hesab olunan dərsliklər salınmalıdır. Təcrübə göstərir ki, internet aləmində, feysbuk dünyasında yayılan yalan informasiyalar cəmiyyətdə çaxnaşma yaratmağa səbəb olur. Çünki yayılan xəbərlərin dəqiq olub-olmadığını yoxlayan yoxdur. Sadəcə, savadlı adam bilir ki, hansı xəbər doğru, hansı yanlışdır. Ona görə də media savadlılığı çox önəmli məsələdir”. C.Məmmədli qeyd edib ki, BDU-nun jurnalistika fakültəsində yeni tədris planı formalaşdırılır. Tədris planına əsasən, yeni kurs fəaliyyətə başlayacaq: “Gələn tədris ilindən həyata keçiriləcək. İnternet dünyası ilə bağlı cəmiyyəti ciddi şəkildə savadlandırmaq lazımdır. Ancaq buna orta məktəblərdən başlamaq daha məqsədəuyğundur. Bəzən sosial şəbəkədə dövlət və dövlətçilik əleyhinə şərhlər yazırlar, insanları itaətsizliyə, təxribatlara səsləyirlər. Üç-beş gün sonra insanlar başa düşürlər ki, kimlərsə qərəzli şəkildə, təxribat məqsədi ilə xəbər yayırlar. Amma istənilən halda dezinformasiyalar cəmiyyətin bəlli kəsiminə təsir göstərir. Bu cür zərərli təsirləri isə ancaq maarifləndirmə yolu ilə aradan qaldırmaq mümkündür”. 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də “Şərq”ə bildirib ki, maraqlı təkliflər nəzərə alınmalıdır. Y.Məmmədlinin qənaətincə, orta məktəblərdə sosial media ilə bağlı biliklərin verilməsi vacib olsa da, bu metod mövcud problemi aradan qaldırmayacaq:

“Problemin həlli üçün paralel olaraq digər işlər də görülməli, kompleks tədbirlər həyata keçirilməlidir. Burada əsas yük ciddi, klassik mətbuatın üzərinə düşür. Media avanqard rolunu oynamalıdır. Əfsuslar olsun ki, bizdə internet media qurumları bütün parametrləri ilə ciddi media mövqeyinə yiyələnməyib. Həyatımızın mühüm bir hissəsinə çevrilən sosial şəbəkələr informasiya təhlükəsizliyinin əsas xətlərindən birinə çevrilib. Buna qarşı mübarizə metodları nəticə vermir. Müəyyən filterlər tətbiq etmək mümkün olsa da, bütövlükdə axının qarşısını almaq çətindir. Ciddi media cəmiyyətdə etibar qazanmalıdır ki, insanlar ancaq mətbuatda gedən xəbərlərə etimad etsinlər, sosial şəbəkədə yayılan yanlış informasiyalara məhəl qoymasınlar. Kompleks işlər görülməlidir. Burada dövlətin müvafiq qurumlarının üzərinə də böyük yük düşür”. 

Y.Məmmədlinin sözlərinə görə, feyk xəbərlər sadəcə bizim bəlamız deyil, bütün dünya ölkələrinin ən ciddi müzakirə mövzusudur. Hətta inkişaf etmiş dövlətlər belə feyk xəbərlərdən əziyyət çəkirlər:

“Bir çox ölkələrdə bununla bağlı müəyyən cərimələr tətbiq olunur. Ancaq yanlış xəbərlər elə bir müstəvidir ki, cərimələrlə önü kəsilə bilmir. Ələlxüsus, administrativ metodlarla problemi aradan qaldırmaq mümkün deyil. Feyk xəbərlər, ümumiyyətlə, sosial şəbəkələr nüvə silahı kimidir. Nüvə enerjisi mütərəqqi məqsədlər üçün faydalı olsa da, dağıdıcı silahların yaradılmasında da istifadə edilir. Sosial şəbəkələr də əvəzsizdir, cəmiyyətin inkişafında mühüm rola sahibdir. Amma əfsuslar ki, bu platformadan zərərli məqsədlərlə istifadə halları mövcuddur”. 

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli də “Şərq”ə bildirib ki, sosial media həyatımızın bir parçasına çevrilib. Burada yazılan statuslar, paylaşılan foto və videolar birbaşa həyatımıza təsir edir:

“Təsadüfi deyil ki, sosial şəbəkələrlə bağlı bir çox ölkədə ayrıca bölmələr fəaliyyət göstərir. Təkcə sosial şəbəkələrin funksiyalarını öyrənmək üçün illər lazım olur. Bizim çoxumuz adicə “facebook”un hansı funksiyaları olduğunu bilmirik, buradakı “businness meneger” ayrıca bir proqramdır, “messenger” özü xüsusi layihədir. Mən də razıyam ki, sosial media ali məktəblərdə tədris edilsin. Təkcə jurnalistika fakültəsinin deyil, digər fakültələrin tələbələri də bunu mənimsəməlidirlər. Çünki sosial şəbəkədə hər kəs nəsə yazır. Adicə bir status ölkənin gündəminə çevrilir, dezinformasiyalar çoxalır. Vətəndaşlar anlamalıdır ki, dəqiqləşməmiş məlumatı paylaşmaq cəmiyyətə, insanlara çox böyük ziyan vura bilər. Ona görə də ən azından etik kodekslər insanlara aşılanmalıdır. Bu təklifi müsbət qarşılayıram, təkcə “facebook” deyil, “youtube”, “twiter”, “instagram”, “telegram” da ictimai rəyə təsir edən sosial şəbəkələrdir. Onlara diqqət ayırmaq lazımdır. Unutmayaq ki, bu gün Belarusda olan aksiyaları yönləndirən “Nexta” adlı teleqram kanalıdır. Bu onu göstərir ki, sosial şəbəkələr həm də siyasi platformadır”.

“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli də qəzetimizə açıqlamasında vurğulayıb ki, sosial şəbəkələrdə “fake xəbərlər”in yayılması ciddi problemdir:

“Öncə qeyd edim ki, bunun qarşısını almaq üçün beynəlxalq resursların mərkəzi ofisləri ilə əməkdaşlıq vacibdir. Çalışmaq lazımdır ki, Azərbaycanda onların təmsilçilikləri açılsın.

Bu, saxta xəbər və paylaşımlardan, qanunsuz çağırışlardan şikayət imkanlarını asanlaşdıra bilər. Sosial şəbəkələrə nəzarət mexanizmi olmalıdır. Lakin istənilən halda əsas məsələ maarifləndirmə ilə bağlıdır.

Sosial şəbəkələr həyatımza yenicə daxil olub. Yeni qoşulan istifadəçilər saxta xəbərlərin təsirinə daha tez düşürlər. Bunun qarşısını almaq üçün ciddi məlumatlandırma tədbirlərinə ehtiyac var. Vüsalə Mahirqızının təhsil proqramlarına sosial media, internet və sosial media davranışları barədə dərslərin daxil edilməsi təklifinə gəlincə, maraqlı ideyadır. Hesab edirəm ki, gec-tez buna getmək məcburiyyətində qalacağıq.

Hətta ənənəvi media bu istiqamətdə addımlar atmalıdır. Baxın, sosial şəbəkələr xəbər məkanında ənənəvi medianı üstələyir. Bunu önləmək üçün ənənəvi media blogerliyi inkişaf etdirməlidir. Hətta tanınmış blogerlərlə əməkdaşlıq da etmək olar”.