ABŞ mətbuatı 100 il öncə yazırdı

Naxçıvandakı 3 müsəlman-tatar kəndinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı xəbər dərc olunub

Nihat Vəlizadə çox böyük iş görür, ona dəstək vermək lazımdır

AMEA Mərkəzi Elmi Kitabxanasının Sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri, araşdırmaçı-jurnalist Nihat Vəlizadə bir müddətdir feysbuk profilində mühüm tarixi dövrləri əks etdirən önəmli faktlar paylaşır. Jurnalist Azərbaycan tarixi ilə bağlı dünyanın müxtəlif ölkələrində, xüsusən ABŞ-da təqribən yüz il öncə nəşr olunan qəzetlərdə çıxan məqalələri taparaq sosial şəbəkədə yayır. N.Vəlizadənin sonuncu paylaşımı da diqqətçəkəndir:

“Təsəvvür edin, düz 100 il bundan əvvəl 1920-ci ildə ABŞ-ın mərkəzi Kanzas ştatında nəşr olunan bir qəzetdə Naxçıvandakı 3 müsəlman-tatar kəndinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı xəbər dərc olunub. Əminəm ki, Azərbaycandakı tarixçilərin və ya araşdırmacıların mütləq əksəriyyətinin belə bir xəbərin çap olunması barədə informasiyaları yoxdur. Özü də bu xəbər təkcə “The Wichita Beacon” qəzetində yox, Kanzasın ətrafında yerləşən ştatların 50-dən çox qəzetində, hətta Kaliforniya ştatında belə yayımlanıb”. 

Araşdırmaçı gün üzünə çıxardığı tarixi faktları tədqiqatçıların istifadəsinə verməklə yanaşı, məktəb dərsliklərinə salınması təklifini də irəli sürüb: “Bu faktları 10-cu sinif Azərbaycan tarixi kitabında istifadə etmək olar. Dərsliyin 1920-ci illərdəki qətliamlar mövzularında göstərmək olar ki, ermənilərin törətdiyi qətliamlar haqqında təkcə biz yox, eyni zamanda ABŞ-ın ən ucqar ştatları belə xəbər hazırlayıb”. 

Gənc tədqiqatçının fəaliyyəti ilə bağlı fikirlərini “Şərq”ə bölüşən tarixçi-alim Dilavər Əzimli deyib ki, Azərbaycanda vətənpərvər, savadlı, tarixinə biganə olmayan gənclər çoxdur. D.Əzimlinin sözlərinə görə, tariximizə qarşı atılan addımlar məhz bu cür milli gənclərimiz vasitəsi ilə dəf edilir:

“Azərbaycan ali təhsil ocaqlarında milli tariximizlə bağlı dərs saatlarının azaldılması xaricdən dəstəklənən layihədir. Bununla bağlı ciddi mübarizə aparır, hətta “döyüşürük”. Xarici dairələrin məqsədi odur ki, millətimiz öz tarixini, dilini, milli duyğularını bilməsin və manqurtlaşsın. Apardığım araşdırmalara görə, xaricdə bu çirkin işlə məşğul olan üç mərkəz var.

Həmin şəbəkələr Azərbaycandakı bəzi “alimlər” arasında özlərinə xeyli tərəfdaş tapıblar. Bir sıra QHT-lər tərəfindən “insan haqları”, “hüquqi azadlıqlar” pərdəsi altında təhlükəli tədbirləri reallaşdırmağa çalışırlar. Xeyli vaxtdır prosesi həyata keçirsələr də, nəticə əldə edə bilmirlər. Bilirsiz niyə? Çünki Nihat Vəlizadə və onun kimi milli, savadlı, xarici dilləri bilən vətənpərvər gənclərimiz bu prosesin qarşısını alır. Gənc tədqiqatçılarımız antimilli şəbəkələrlə ciddi mübarizə aparırlar.

Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi onlayn konfrans keçirərək erməni saytlarını darmadağın etmək məqsədini qarşılarına qoydular və Paşinyanın saytlarını çökdürdülər.

Bu cür gənclərə kömək etməliyik, dəstək göstərməliyik. Nihat Vəlizadə çox böyük iş görür, özü də heç kimin məşğul olmadığı bir işi reallaşdırır, dəhşətli faktları ortaya çıxarır. Tarixi dəlil-sübutlar ermənilərə atom bombası qədər zərbə vurur, düşmənin vəhşiliyini, faşizmini üzə çıxarır”. 

Alim vurğulayıb ki, Böyük Britaniya parlamentinin, Harvard və Oksford universitetlərinin zəngin elmi kitabxanaları var və pullu-pulsuz hamısına internet vasitəsi ilə giriş imkanı yaradılıb. Bunlardan mümkün qədər istifadə etmək lazımdır:

“Bu yaxında İtaliyada orta əsr Azərbaycan tarixi ilə bağlı yeni arxiv materialları üzə çıxdı. Xarici ölkələrdə Azərbaycana aid minlərlə sənəd var. Onları tapıb gün üzünə çıxaran Nihat kimi gənclərə ehtiyac böyükdür. Ona görə də əlimizdən gələn dəstəyi göstərməli, onlara istiqamət verməliyik. Ən əsası isə mərkəzləşdirilmiş sistem yaratmalıyıq.

Tanıdığım gənclər var ki, Fransada, İtaliyada ciddi işlərlə məşğul olurlar, Azərbaycanla bağlı təşkilat yaradırlar. Heç bir dəstək və tələb olmadan könüllü şəkildə ermənilərə qarşı mübarizə aparır, milli maraqlarımızı qoruyurlar.

Hər il yüzlərlə gəncimiz Avropa ölkələrinə bakalavr və magistr təhsili almağa gedir. Müvafiq dövlət qurumları onların siyahısını təşkil edərək, əlaqə qurmalı, gəncləri yönləndirməlidir”.