Lukaşenko getməyə hazırdır

Amma deyir ki, Belarus əvvəlki ölkə olmayacaq

Ekspert: "Cəmiyyət buna əhəmiyyət vermir və kompromis marağında da deyil. Onlar hesab edirlər ki, Lukaşenko Liviyanı, İraqı misal göstərərək insanlarda bir növ qorxu yaratmaq istəyir"

“Belarusun növbəti prezidenti öz vəzifəsində 2-3 ildən çox otura bilməyəcək”. Bu sözləri Belarusun 6-cı dəfə seçilən prezidenti Aleksandr Lukaşenko deyib. O, hazırda siyasətdə başqa qanunların hökm sürdüyünü bildirib: “Mən yetəri qədər işləmişəm. Mən gedərəm, amma bilirəm ki, siz məndən sonrakına da çox tez, cəmi iki-üç il sonra “get” deyəcəksiniz”.

Xatırladaq ki, Belarusda prezident seçkisi başa çatsa da, kütləvi etirazlar səngimir. Küçələrə axışan yüz minlərlə insan Lukaşenkonun legitimliyini qəbul etməyərək, onun istefasını tələb edirlər. Prezident isə mitinqçiləri bu düşüncədən daşındırmağa çalışır. Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu desə də, bunun konstitusiya dəyişikliyindən sonra mümkün ola biləcəyini vurğulayır. 

Lukaşenkonun açıqlamalarını “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Rusif Məmmədsoy deyib ki, Belarus cəmiyyəti son bir həftədir tarix yazır. Analitikin fikrincə, günlərdir keçirilən etiraz aksiyaları çox mədəni, sivil qaydada aparılır: “Lukaşenkoya gəlincə isə o özü də çox yaxşı başa düşür ki, artıq sondur.

Bəli, Lukaşenko həqiqətən də Belarusu yaxşı yerlərə gətirə bilib. Amma unutmaq olmaz ki, o bu postda artıq 26 ildir ki, oturub. İnsanları narahat edən də məhz budur. Cəmiyyət yenilik istəyir və bunu da açıq şəkildə tələb edirlər. Lukaşenko hələ də müqavimət göstərir və deyir ki, tərəflər qarşılıqlı kompromisə getməlidir. Konstitusiyada dəyişiklik edilərsə, səlahiyyətlərini parlamentlə bölüşməyə hazır olduğunu deyir”. 

Siyasi şərhçinin fikrincə, Lukaşenkonun son çıxışlarına bir neçə aspektdən yanaşmaq lazımdır: “Lukaşenko haqlı ola bilər. Cəmiyyət daxilində insanları yönləndirən qüvvələrin olma ehtimalı böyükdür.

Prezident bunu nəzərdə tutaraq demək istəyib ki, əgər o getsə, Belarus əvvəlki ölkə olmayacaq. Lakin cəmiyyət buna əhəmiyyət vermir və kompromis marağında da deyil.

Onlar hesab edirlər ki, Lukaşenko Liviyanı, İraqı misal göstərərək insanlarda bir növ qorxu yaratmaq istəyir. Əslində Belarusda işsizlik minimum səviyyədədir, pulsuz təhsil, səhiyyə, bağçalar, böyük həcmdə uşaq pulu verilir və s. Amma görünən odur ki, Belarus cəmiyyətinin bir istəyi var. Mütləq şəkildə yenilik”.