Türkiyə heç vaxt maraqlarından vaz keçməyəcək

Ankaranın artan regional gücü bəzilərini ciddi narahat edir

Şərqi Aralıq dənizində Yunanıstana dəstək olan, Avropaya Türkiyə əleyhinə birləşmək məqsədi ilə təzyiq edən Fransa müttəfiqlərindən istədiyini ala bilməyib. Rəsmi Paris Avropa İttifaqına Türkiyəni qınama qərarı belə qəbul etdirə bilməyib. Fransanın Aralıq dənizində hərbi gəmilərlə reallaşdırdığı şouya isə Almaniya sadəcə “qeydə aldıq” ifadəsi ilə reaksiya verib.

Liviyada səfərdə olan Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinə toxunub. Akar bildirib ki, Misirlə Yunanıstan arasında imzalanan müqavilənin heç bir əsası yoxdur.

Nazir Yunanıstan və Misir arasındakı “məhdudlaşdırılmış iqtisadi bölgə” razılaşmasının əsassız olduğunu söyləyib. Vurğulayıb ki, Türkiyə Şərqi Aralıq dənizində beynəlxalq hüquqlarını, qanunlarını, mənafelərini və maraqlarını qorumaq üçün səylərini davam etdirəcək. 

Aralıq dənizində yaşanan gərgin prosesləri “Şərq”ə təhlil edən professor Toğrul İsmayıl bildirib ki, Türkiyə dəniz sərhədlərinə nəzarət etmək, maraqlarını qorumaq üçün əlindən gələni edir. Politoloqun sözlərinə görə, keçmiş dönəmdə Türkiyəyə yaxın adaların Yunanıstana verilməsi müəyyən problemlər yaradır:

“Afina hökuməti adalar üzərində beynəlxalq dəniz mili prinsiplərinin tətbiq edilməsini tələb edir. Türkiyə isə haqlı olaraq buna qarşı çıxır. Digər məqam Kiprlə bağlıdır. Kiprdə iki fərqli xalq yaşayır - türklər və yunanlar və iki toplum arasında həll olunmamış problemlər var. Çünki Avropa Birliyi öz qanunlarına zidd olaraq adanın yunan tərəfini AB-yə üzv edib. Təbii ki, belə məqamda Türkiyə heç vaxt maraqlarından vaz keçməyəcək. Aralıq dənizində zəngin hidrokarbon ehtiyatlarının olması faktı bəllidir”. 

Professor bəyan edib ki, Türkiyə Liviya ilə anlaşma imzalayaraq beynəlxalq hüquqda yeni addım atdı:

“Yunanıstana əsas dəstək verən Fransa, Misir, İsrail və bir sıra ərəb ölkələridir. Cəbhələşmə və koalisiyanın yaranması vəziyyəti gərginləşdirir. Türkiyə hər zaman dialoqa üstünlük verdiyini bəyan etsə də, hərbi ehtimallar göz önündədir.

Türkiyənin son addımları öz təbii haqlarını tələb etmək məqsədi ilə atılır. Yunanıstan da qarşılıq verməyə çalışır. Lakin beynəlxalq hüquqa görə haqlı tərəf Ankaradır. Bunu Avropa Birliyi də çox gözəl bilir. Nə qədər Afinanı dəstəkləsələr də, Türkiyəyə qarşı sanksiyalar məsələsində heç bir addım atmırlar. Səbəbi Türkiyənin haqsız olmamasıdır. Almaniya və ABŞ-ın reaksiyaları tərəfləri sakitləşdirmək yönündə olduğuna görə prosesə ciddi qarışmırlar.

Ümumiyyətlə, indiki halda Qərb ölkələri məsələnin savaş yolu ilə həllinə qətiyyən tərəfdar deyillər. Amma proses heç də asan irəliləmir. Türkiyə meydanda tək qalıb və bir çox dövlət Ankaranı sıxışdırmağa çalışır. Türkiyənin artan regional gücü onları ciddi narahatlığa sövq edir”.