“Luntik” müzakirələrə yol açdı

Cizgi filmi personajlarının adı tərcümə edilməməlidir


ARB telekanalında “Luntik” cizgi filminin adının Azərbaycan dilinə tərcümə edilərək yayımlanması  sosial şəbəkədə müzakirələrə yol açıb.  Qısaca xatırladaq ki, “Luntik” çoxseriyalı cizgi filmi Rusiya istehsalıdır və 2-4 yaşarası uşaqlar üçün nəzərdə tutulub.

Müzakirəyə və tənqidə məruz qalansa cizgi filmi personajı – Luntikin (Ayda doğulmuş antropomorf varlıq) adının Aybalası kimi tərcümə edilməsidir. Sosial şəbəkə istifadəçilərinin bir çoxu rəylərində buna etiraz edərək cizgi filmi qəhrəmanlarının adının tərcümə edilməsinin yanlış olduğunu bildiriblər. “Luntik-Aybala” müzakirəsinı görəndə  illər öncə  şahidi olduğum hadisəni xatırladım.  Müxbir kimi qatıldığım konfransların birində Prezident Administrasiyasının o zamankı humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə  Azərbaycan dili, milli məsələlərdən danışırdı. Və dedi ki, “Nu, poqodi!” (Canavar və dovşanım macəraları) cizgi filmi milli maraqlarımıza uyğun deyil.  Canavar türk xalqlarının müqəddəs totemidir. Bu cizgi filmində isə canavar dovşanın əlində çarəsiz qalıb. Bu cizgi filmindən bizim övladlarımız hansı yaxşı nümunə  götürə bilər?!

Doğrusu. F.Abdullazadənin o çıxışı məni yaxşı  mənada xeyli təəccübləndirmişdi.  Demək ki, ən yuxarı instansiyalarda da milli maraqlara zidd məsələləri görürlər, lakin hansısa səbəbdən bəzən lazımi korrekturalar zamanında edilmir.
        
Qayıdaq “Luntik”ə.  Mövqe.az saytının əməkdaşı Elnurə Abuşova feysbuk hesabında belə bir paylaşım edib:

“Yalnız Azərbaycanda cizgi filmi personajının adını dəyişərlər. Luntik uşaqların sevimli cizgi filmi qəhrəmanıdı. Ülkər (qızı) onun diskinə baxa-baxa böyüyüb. Uşaq dünən Luntiki Aybala görəndə şoka düşdü.  “Xryuşa”, “Nyuşa”, “Vinni Pux”...  ARB kanalı, sizdən yeni adlar gözləyirəm...     Luntik, bizim üçün, uşaqlar üçün həmişə Luntik qalacaq.  Sadəcə bu qədər savadsızlıq təəssüf yaradır. Ad tərcümə olunarmı? Daşdəmirdən roman tərcümə etdirsələr, “kamenjelez”  yazacaqlar?”. 

Bu etrazlara cavab olaraq “Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri sosioloq Lalə Mehralının fikrini öyrəndik. Sosioloq “Şərq”ə açıqlamasında “Mənim övladlarım da ilk görəndə şoka düşdü”, dedi. Və fikrini belə əsaslandırdı:  

- Bizim yerli  cizgi filmlərimiz az deyil, Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası xeyli sayda milli cizgi filmləri istehsal edib, böyük əksəriyyəti Youtube-da var.  Bəzən deyirlər, “nə var ki, nəyi izləsin uşaqlar?”.  Amma bir çoxu bilmir ki, efirdə nümayiş olunanlar çəkilənlərin  çox az  bir hissəsidir. Maraqlananlar üçün vikipediada bu cizgilərin siyahısı var, baxmaq olar. Tutaq ki, uşaqlar müasir cizgi filmi izləmək istəyir, sovet dövründə çəkilmiş filmlər onlara maraqlı deyil. Bunun da çarəsi var. Axı cizgi filmi çəkmək üçün vəsait ayırmaq olar, ən azından hər il boş,  lazımsız layihələrə ayrılan filmləri təxirə salıb uşaqlar üçün nəsə çəkmək olar. Bunun üçün potensialımız da var, maddi imkanımız da. Çox bacarıqlı gənclərimiz var ki istənilən kompyuter qrafikası ilə cizgi filmi yığar. Çox istedadlı rəssamlarımız, musiqi tərtibatçılarımız var. Əminəm ki bu işin öhdəsindən layiqincə gələ bilərlər. 
Televiziyalar bütün günü "Maşa və ayı”, "Buz dövrü”, "Qar kraliçası”, "Kral Aslan”, “Aybala”, “Şrek”…  kimi cizgi filmlərini efirə verirlər. Tv-lər kinostudiyaya müraciət etsələr, arxivdən xeyli sayda milli cizgi filmi əldə edərlər. AzTV-nin özünün çox zəngin arxivi var. Bu  cizgi filmləri ilə böyük bir nəsil yetişdi. Yaxşılıq etməyi, böyüyə hörməti, heyvanları, canlıları sevməyi, dünyanı sevməyi öyrəndik. Milli cizgi filmlərinin azlığı bəhanə edilməməlidir. Nə dublyaja vaxt və maliyyə sərf olunar, nə də yad ideologiyalar uşaqlarımızın beynini korlayar.  

L.Mehralı xarici ölkə istehsalı cizgi filmi personajlarının adlarının tərcümə edilməsinin yanlış olduğunu bildirdi:  

- Cizgi filmi personajlarının adı niyə tərcümə edilir? Bu, sual və eyni zamanda təəssüf  doğuran haldır.  Fikir verin, məhşur “Luntik” multfilmini “Aybala” deyə tərcümə ediblər. Ad niyə tərcümə olunmalıdır?  Gəlin sizə bir neçə nümunə verim. 
Günəş Tv itlərlə bağlı bir cizgi ilmi tərcümə etmişdi. Dialoq belə idi: 

“-Bunu diyəsən zincirriyiflər ə!
-Uyyy daaa!
-Ə gəl ə! Ev itinnən küçə iti olmuyuf, olmuyjax!”

Və yaxud, ATV-dən nümayiş etdirilən bir cizgi filmi var, “Madaqaskar pinqvinləri” adlı. Pinqvinin biri o birinə deyir:

“-Ay səni eşşək balası! Unitazdan su içən it oğlu!”

Bizim uşaqlığımızın bir cizgi filmi vardı, Bembi. AzTV o qədər mükəmməl dublyaj etmişdi ki, baxmaqdan doymurduq. Bembinin anasının səsinə valeh olmuşduq - qayğı, mərhəmət, sevgi - nə desən vardı səsdə. İndi ARB Günəş həmin cizgi filmini verir arabir. Elə bil ağzına 3-4 qoz doldurmuş adamla dişlərinin arasında qaşıq tutmuş adam küçədə söhbət edir. Hərəsi də öz ləhcəsində. Uşaqlar bu filmlərdən nə öyrənəcək? 

Sosioloq Milli Teleradio  Şurasının,  Azərbaycan Milli Elmlər Akademiyasının bu vacib məsələlərə müdaxilə etməsinin zəruri olduğunu dedi.