"Lukaşenkonun hakimiyyətdə qalması çətin olacaq" - MÜSAHİBƏ

Turab Rzayev: "Rusiya müdaxilə etsə də, bu, çox çətin effekt verə bilər"

Belarusda gərgin vəziyyət davam edir. Paytaxt Minskdə etiraz aksiyaları bitmək bilmir. Küçələrə axışan yüz minlərlə insan seçkilərin rəsmi nəticələrinə inanmadıqlarını bildirərək prezidentin istefasını tələb edirlər. Minlərlə işçi etirazçıları dəstəkləmək üçün tətilə çıxıb.

Etiraz aksiyaları zamanı ölənlər də var. Belarus xalqı Lukaşenkonun 26 il hakimiyyətdə olmasından təngə gəlib. Ona görə də səngimək əvəzinə daha da genişlənən aksiyalar ölkədə gərginliyi artırmaqdadır.

Belarusdakı durumla bağlı “Sherg.az”a danışan siyasi analitik Turab Rzayev bildirib ki, cəmiyyətlərdə belə etiraz aksiyaları iki şəkildə formalaşa bilir. Birbaşa kənar təsirlərin və daxili dinamizmin nəticəsində:

“Hazırda Belarusdakı hadisələrin əsas qüvvəsinin daxili dinamizm olduğunu düşünürəm. İnsanlar əvvəlki kimi yaşamaq istəmirlər. Lukaşenko 26 ildir ki, ölkəni idarə edir, daha 5 il hakimiyyətdə qalmaq istəyir. 31 il bir insanın ömrünün yarısı deməkdir. Lukaşenko ilk dəfə hakimiyyətə gələndə anadan olan insanların indi 26 yaşı var. İnsanlar dəyişiklik istəyirlər”.

- Lukaşenkonun hakimiyyətdə qalmaq ehtimalı varmı?
 
- Onun hakimiyyətdə qalacağının çox çətin olduğunu düşünürəm. Çünki milyonlarla insan etiraz edir. Ölkədəki jurnalistlər etirazçılar tərəfə keçib. Dünən səhər Belarus televiziyasına baxırdım. Televiziyada boş studiya görünürdü. Jurnalistlər efirə gəlməmişdilər. Bütün fabrik və zavodlar mitinq yaradaraq Lukaşenkonun hakimiyyətdən getməsini tələb edirlər. Keçmiş hərbi işçilər və polislərdən xeyli sayda şəxs xalqın tərəfinə keçib. Bir neçə xarici ölkə nümayəndələri də xalqın tərəfindədir. Belə olan halda Lukaşenkonun hakimiyyətdə qalması çox çətin olacaq.

- Hadisələrin gərginləşməsində başqa səbəblər varmı?

- Bəli, Belarusdakı qarışıq durumda başqa faktorlar da rol oynayır. Hadisələrin başından bəri daha çox Rusiya faktor qabardılırdı ki, guya, Rusiya Lukaşenkonun hakimiyyətdə qalmasını istəmir. Ən azından onu qorxudaraq müəyyən göz dağı vermək istəyir. Bu da onunla sübut olunur ki, Belarusda həddindən çox rusiyalı həbs olundu, onlar danışdırıldı. Mitinqlərin aktiv iştirakçısı kimi minlərlə rus vətəndaşı var. Amma nəinki Rusiya, başqa ölkələr də bu prosesləri idarə edə bilməz. İnsanlar beziblər.

Milyonlarla insanın küçəyə çıxıb etiraz etməsi təşkil oluna bilməz. İnsanların özü dəyişiklik istəyirlər. Çünki Minsk şəhərinə baxanda köhnə sovet şəhərləri xatırlanır. Hətta Tiflisin, İrəvanın və digər ölkələrin siması dəyişib. Amma Minskə gedəndə elə bil köhnə şəhərdəsən. Yeni tikililər, xəstəxanalar və məktəblər yoxdur. Bəli, fabrik zavodları işləyir, insanlar işsiz deyillər, kənd təsərrüfatı normal qaydada davam edir. Lakin insanlar dinamizm istəyirlər. Əslində bu çox təbii bir prosesdir.

- Belarusdakı vəziyyətin qarışmasında hansısa ölkələr maraqlıdırlar?

- Hazırda Amerika Birləşmiş Ştatları (ABŞ) seçki ərəfəsindədir. Onlar Belarusdakı seçkilərdə çox da maraqlı deyil. ABŞ-ın əsas diqqəti özlərindədir. Hətta Pompeo Minskə səfər edəndə ABŞ Belarusla müəyyən qədər dil tapıb onu Rusiyadan uzaqlaşdırmağa çalışırdı. 

- Avropa İttifaqı (Aİ) da seçkinin legitimliyini tanımadı. Səbəb nə ola bilər?

- Avropa İttifaqı ikinci bir Ukrayna, Rusiya ilə müharibəli zona və sərhəddə qeyri-stabillik istəmir. Avropa Parlament Assambleyası və bir sıra ölkələr Belarusdakı seçkinin legitimliyini tanımadılar. Onlar başlanğıcda gözləmə mövqeyi tutdular. Çünki Lukaşenkonu öz tərəflərinə çəkmək istəyirdilər. Amma baxdılar ki, hadisə böyüyür və ölüm halları oldu. Qərb ölkələri demokratiyanın həmişə əsas çarçısı olduğu üçün fərqli açıqlamalar verdilər. Dedilər ki, seçkilər şəffaf keçirilməyib və mitinqlərə qarşı güc tətbiq olunmasın. Sonra da Rusiyanı Belarusun daxili işinə qarışmaqda ittiham etdilər. İndi də dedilər ki, biz Lukaşenkonu legitim Prezident kimi tanımırıq.

- Bəs, Rusiya Lukaşenkonun hakimiyyətdə qalmasına müdaxilə edə bilərmi?

- Rusiya müdaxilə etsə də, bu, çox çətin effekt verə bilər. Rusiyanın özü də indi gözləmə mövqeyindədir. Hazırda Rusiya Lukaşenkonu müdafiə etməyə çalışsa da, mümkün qədər neytral mövqe göstərir. Çünki fikirləşir ki, sonra hakimiyyətə etirazçılardan gələn olsa, onlarla münasibət pozulmasın.