Bu artıq sosial sifarişdir: “Sosial şəbəkələrlə bağlı qanun yaradılmalıdır” – TƏCİLİ !

“Mən söz, fikir, ifadə azadlığına qarşı qadağaların tam əleyhinəyəm”

“Lakin bu “azadlıq” milli təhlükə yaradırsa, artıq onun adı azadlıq deyil”

“Sosial şəbəkələrlə bağlı Almaniya və Türkiyə təcrübəsi bizə bu gün daha çox lazımdır”

ABŞ prezidenti Donald Tramp xeyli müddətdir ki, sosial şəbəkələrdəki anarxiyaya qarşı mübarizə aparır. Bəli, məhz anarxiya.  Bir çox istifadəçi ona verilən azazadlıqdan sui-istifadə edərək dövlətçiliyə, milli mentalitetə zidd paylaşımlar edir. Əlbəttə, yol verilməzdir. Deməli, hər birimiz azadlıqla anarxiya arasındakı incə cizgidən xəbərdar olmalı, vətəndaşlıq mövqeyini hər şeydən yüksək tutmalıyıq. 

 Trampın sosial şəbəkələr məhdudlaşdırma təşəbbüsləri artıq bir çox ölkələrdə, o cümlədən qonşu Türkiyədə də davam etdirilir. 

 BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor Cahangir Məmmədli bu barədə “Sherg.az”a danışarkən bildirib ki, analoji təcrübənin Azərbaycanda da tətbiqi məqsədəuyğundur: 

“Dünyanı bürüyən ixtisarlar, müxtəlif dövlətlərə vurulan zərbələr hər bir ölkənin müstəqilliyinə ən böyük təhdiddir. Belarus hadisələri buna əyani sübutdur. Ölkədaxili qüvvələr Belarusu bir dövlət kimi məhvə aparmaqdadır. Və bütün bunlar bu gün sosial şəbəkələrdə idarə olunur.

Ona görə də bir sıra ölkələr, hətta güc dövlətləri-məsələn, Almaniya, İngiltərə və s. sosial şəbəkələrdə dövlət əleyhinə çağırışlara, böhtan, təhqir və s. dezinformasiyalara qarşı qadağalar tətbiq etməkdədir.

Bu günlərdə Türkiyə də Almaniya təcrübəsinə istinad edərək sosial şəbəkələrdə sərbəst, antimili, antidövlət mətnlərinə qadağalar qoydu. Mənə elə gəlir ki, Azərbaycan kimi müharibə şəraitində yaşayan, Ermənistan kimi faşist bir dövlətin hər an törədə biləcəyi təhlükələrlə üzləşən və üzləşə biləcək bir ölkədə də sosial şəbəkələrlə bağlı qanun təcili yaradılmalıdır.

Məncə, problem Azərbaycanda artıq sosial sifariş kimi formalaşıb və Milli Məclis internet ətrafında dövlətçiliyimizə təhlükə yarada biləcək məsələlərlə bağlı Qanunu tezliklə, gecikmədən ortaya qoymalıdır.

 Mən söz, fikir, ifadə azadlığına qarşı qadağaların tam əleyhinəyəm. Lakin bu “azadlıq” milli təhlükə yaradırsa, artıq onun adı azadlıq deyil. Bir sözlə, sosial şəbəkələrlə bağlı Almaniya və Türkiyə təcrübəsi bizə bu gün daha çox lazımdır”.