“Sosial şəbəkələrə məhdudiyyət yolverilməzdir” – MÜDAXİLƏ !  

“Bu platformanın fəaliyyətini məhdudlaşdırmaqda hər ölkənin fərqli məqsədi var”

“Məsələn Türkiyə sosial şəbəkələrin ölkədə ofisini açmaq istəyir. Əlbəttə, bu,  başadüşüləndir”

“Lakin tənzimləmələrin insanların paylaşımlarına yönəlməsi isə birbaşa ifadə azadlığına müdaxilədir”


Avropadan sonra, qonşu Türkiyədə də sosial şəbəkələr üzərində müxtəlif tənzimləmələrin həyata keçirilməsini ekspertlər birmənalı qarşılamayıblar. Bəziləri analoji təcrübənin Azərbaycanda da tətbiqini zəruri hesab etdikləri halda, bir sıra mütəxəssislər də bunun ifadə azadlığına qəsd olduğunu düşünürlər. 

Məsələilə bağlı "Sherg.az"a danışan media üzrə hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, sosial şəbəkələrə senzura tətbiqi yolverilməzdir:

 “İstər Avropa Konvensiyasının 10-cu maddəsi, istərsə də BMT-in qəbul etdiyi Mülki və Siyasi hüquqlar haqqında Paktın 19-cu müddəası mediada senzuranı qadağan edir. Adını çəkdiyim konvensiya yalnız teleradio fəaliyyətinin lisenziyalaşmasını nəzərdə tutur”.

Ə.Məmmədli, həmçinin bildirib ki, fərqli ölkələrdə sosial şəbəkələrdəki fəaliyyəti məhdudlaşdırmaqda məqsəd başqadır:

 “İlk növbədə onu deyim ki, buna cəhd edən ölkələr mövcud standartları pozmaq istəyirlər. Amma Almaniyada və Türkiyədə sosial şəbəkərin tənzimlənməsi kommersiya məqsədlidir. Məsələn Türkiyə sosial şəbəkələrin ölkədə ofisini açmaq istəyir.

Əlbəttə, bu,  başadüşüləndir. Sosial şəbəkələrdəki tənzimləmələrin insanların paylaşımlarına yönəlməsi isə birbaşa ifadə azadlığına müdaxilədir”.