DADP qurultaya hazırlaşır

“Demokratik Azərbaycan Dünyası Partiyasının növbəti, 6-cı qurultayı avqustun 22-də keçiriləcək”.
Bu barədə “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov açıqlama verib.
Sədr vurğulayıb ki, qurultayın vaxtı COVID-19 pandemiyası ilə əlaqədar karantin dövrünə təsadüf etdiyinə görə videokonfrans formatında keçirilməsi nəzərdə tutulur: 

“Bununla əlaqədar olaraq partiyanın IT qrupu artıq bir neçə müddətdir ki, hazırlıq işləri aparır. Qurultayda hesabat məruzəsi ilə çıxışlar olacaq. Ölkədəki mövcud ictimai-siyasi durum, siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, Dağlıq Qarabağ problemi, Türkiyə-Azərbaycan hərbi-siyasi əlaqələrinin genişlənməsi məsələlərinə münasibət bildiriləcək.

Eləcə də partiyanın qarşısında duran vəzifələr barədə danışacaq. Qurultay ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlər üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul edəcək.

Qurultayda həmçinin təşkilati məsələlərə baxılacaq, partiyanın adının dəyişdirilməsi barədə qərar qəbul ediləcək, partiyanın Nizamnaməsi və rəmzləri ilə bağlı dəyişikliklər həyata keçiriləcək”. 

Partiyanın sədrliyinə namizədlərin irəli sürülməsi məsələsinə toxunan Əlisahib Hüseynov qeyd edib ki, hazırda yalnız bir nəfərin namizədliyi irəli sürülüb:

“Mən öz namizədliyimi irəli sürməklə bağlı qərar vermişəm. Başqa namizədlər yoxdur”. 

Qeyd edək ki, DADP-nin bundan əvvəlki qurultayı 4 mart 2013-cü ildə keçirilib.