“Hansı kişilikdir?!” - “Qızlar ağlamaz” ətrafında orijinal söhbət ! 

“Qadını əzmək, yoxsa qızının arxasında dayanmaq? “

"Bir neç gün qabaq qohumumuzun ailə quran qızına “o evdən meyidin çıxacaq” dediyini eşitdim. Həmin adamla 2 saat söhbətim oldu”

“Həmin ata çox ciddi oxucumdur. Məni diqqətlə dinlədi. Sonra təsirlənib qızına deyib: “Həmişə arxandayam”

"Qızlar Ağlamaz”da yazmışam: "İnsana ömrü boyu bircə nəfər davamlı "bacaracaqsan" deyir - özü"


Tanınmış yazıçı Aysel Əlizadə “Qızlar ağlamaz” kitabının səyyar satışına başlayıb. Feminizm motivli kitab oxucular arasında böyük marağa səbəb olub. Qısa zamanda geniş oxucu kütləsi qazanan kitabda qadın hüquqları, gender bərabərliyi, qadınların cəmiyyətdə rolu kimi məsələlər yer alır.

Biz də “Sherg.az” olaraq kitab satışı, oxucularla ünsiyyəti barədə ətraflı məlumat üçün müəlliflə əlaqə saxladıq. 
Aysel xanım suallarımızı cavablandırdı:



- Kitabınızın səyyar satışını həyata keçirmək istəyi necə doğdu?

- Hər zaman kitablarımı belə satmışam, amma ictimailəşdirməmişəm. Keçən il şeirlər kitabım çap olunanda kitab mağazaları işləyirdi. Feysbuk səhifəmdə elan verirdim ki, “filan mağazaya gedirəm, kim istəyir gəlib kitab alsın”. Bir neçə kitab mağazasında belə satış etmişəm. Bəzən də olurdu ki, oxucular özləri yazırdı, mən də kitabları çatdırırdım.

Karantin rejimində fürsət düşdü və kitab satışını genişləndirdim. Bunu bir az da marafona çevirdik ki, həm kitabın, həm də qadın haqlarının təbliğatı olsun. Çünki qadınlarımızın bu kitaba ehtiyacı var. Cəmiyyət bu marafona gözləmədiyim dəstəyi göstərdi. Bəzən kitabı çatdıra bilməyəndə özləri yazırlar. İnanılmaz dərəcədə gözəl prosesdir, çox yaxşı dəstək verildi. Kitabları alıb başqaları üçün də hədiyyə edirlər. İnsanlarımızda xeyriyyəçi yanaşma var.
 
- Yəqin ki, daha çox gənclər üstünlük təşkil edir?

- Hər yaşdan oxucular var. Gənclərin əksəriyyətinin kitab almağa pulu olmur, onlara hədiyyə edirik. Bacardığımız qədər ödəniş almırıq. Alıcılar arasında daha çox yetkin nəsil üstünlük təşkil edir. Kitabda qeyd olunmuş problemləri dərindən hiss edən şəxslər var ki, oxuyub, təhlil edib, dəyişmək istəyirlər. Hər yaşda alıcılar var-gənclər, analar, atalar, babalar.

- Kişilər necə?

- Cinslərdə heç bir fərq yoxdur. Kişilər də qadınlar qədər alırlar. Çünki qadın problemi kişidən kənar bir problem deyil. Ona görə kişilər də böyük həvəslə dəstək verirlər. Kitabı alıb oxuyurlar, qəzəblənmirlər, hətta yazırlar ki, “Aysel xanım, çox gözəldir”. Qılınc götürüb üstümə gəlmirlər ki, “niyə ancaq qadın haqlarından danışırsınız?”. Əksinə deyirlər ki, bu kitabı oxuyandan sonra bizi düşünməyə vadar elədiz...

-“Qızlar Ağlamazda” oxucularınıza nələri çatdırmaq istəmisiniz? Bu kitabdan nə əldə bilərlər?

- Mənə görə bir cəmiyyətin inkişafı üçün insanların özünə güvənməsi lazımdır. Fərqi yoxdur bu kişidir, ya qadın. Daha çox qadının özgüvənə ehtiyacı var. Çünki qadın dünyaya göz açandan selektiv abort problemi ilə qarşılaşır. Artıq ana bətnindən bu diskriminasiyanı yaşayırıq. Qızdırsa, abort olunur, oğlandırsa, saxlanılır. Demirəm ki, hər kəsdə belədir, amma bu problem var. Elə ailələr var ki, ana dünyaya qız övladı gətirəndə problem yaşayır. Beləliklə böyüdükcə qadında güvənsizlik yaranır. Özünü digər cinsdən əksik hiss edir. Əhalinin yarısı özünə inamsız, yarısı isə inamlı olanda cəmiyyət inkişaf edə bilməz. Hər birimiz özümüzə güvənli olmalıyıq-işimizin arxasınca gedəndə, həyat yoldaşı seçəndə, ana olanda. Bu kitabın ən böyük faydası oxucuya güvən ötürməsidir. Kitabda insanlararası münasibətlərin sayğılı tənzimlənməsinə də yer verilib. Digər məsələlər də var: diskriminasiya, gender bərabərliyinin təmini, qadın-kişi arasında münasibətlərin doğru qurulması, övlad-valideyn münasibətlərində həssas məqamların aşılanması və ən vacibi dövlətin güclənməsində vətəndaşların, xüsusilə qadınların iştirakçılığı. Kitabda dövlətin güclənməsi və cəmiyyətin irəliləməsində qadınların iştirakçılığına diqqət çəkilir. Passiv olmayan, yalnız qazan ətrafında durmayan, ölkəmizdə bir işin qulpundan yapışıb peşəkarlaşaraq özünü inkişaf etdirən qadınlar lazımdır. Ona görə də kitabın çoxfunksionallığı var. “Qızlar Ağlamaz”ı pandemiya ərəfəsində evdə karantin dönəmində yazmışam.

- Müğənni Nura Suri də sizə dəstək verdi. Deyəsən, çox vaxt kitabları birgə çatdırırsınız?

-Bəli, Nura xanım kitabın piyarında mənə çox dəstək göstərdi. Bu da o deməkdir ki, bir sənətçi ortaya örnək qoyur. Yalnız mahnı oxumaqla cəmiyyətdə faydalılığını vermir. Həm də kitabı təbliğ edir, yazarın yanında olur, oxucularla işləyir. Nura xanım kitabımı paylaşıb elan yazdı: “Kim kitabı sifariş etsə, mən özüm çatdıracam”. Bu da piyarın bir növü idi. Gün təyin etdik və onunla birlikdə bir neçə oxucuya kitab çatdırdıq. Çox gözəl, maraqlı və yaddaqalan bir gün oldu. Oxucular həm sevinir, həm də iki tanınmış qadının onlara kitab çatdırması, oxucunun ayağına getməsi, qadınlarımızın maarifçi hərəkat içində olmasından duyğunlanırdılar. 



- Bu marafon müddətində hansısa oxucu ilə aranızda inciklik, narazılıq yarandımı? 

 -Xeyr ! Tanımadığım adamlar zəng vurub, kitab istəyirlər, özüm də şəxsən görüşürəm. Tanınan bir simayam, ola bilər ki, nəsə anlaşılmazlıq yaşansın. Amma bir dəfə də olsun neqativ halla qarşılaşmamışam. Oxucuları görəndə ancaq sevinmişəm. Bu o deməkdir ki, doğrudan da sivil cəmiyyətimiz var.  
 
- Bəzi oxucular, alıcılar müəyyən sayda kitaba ödəniş ediblər ki, həmin kitablar imkansız oxuculara hədiyyə edilsin. Kimlərə təqdim etdiniz? 

- Tələbələrə hədiyyə etdim. Kitab xeyriyyəçiliyi ilə məşğul olan bölgələrdə gənclərimiz var. Bölgələrdə kiçik oxu zalları açılıb, hər yerdən ora kitab ehtiyatı yığırlar. Danışmışıq, Masallıda kitab evi var. Müəyyən miqdarını ora göndərəcəm. Təsəvvür edin, ora 3-5 kitab göndərəcəmsə, həmin ərazidə nə qədər adam kitabdan yararlanacaq. Eyni zamada qadın sığınacağına göndərməyi də planlayıram. Həbsxanalarda kitabxanalar var. Məhbuslar üçün də kitablar göndərməyi düşünürəm. Ən çox istəyirəm ki, uşaq evlərinə kitab aparaq. Yeniyetmələr oxusun. Artıq yetkin uşaqlardır, onlar üçün daha vacibdir. Çünki bu gün-sabah həyata atılacaqlar. Çox istəyərdim onlar da oxusun.

- Nə vaxt göndərməyi düşünürsüz?

-Bu prosesi bir az ertələmişəm. Çünki bir neçə işlə eyni vaxtda məşğul ola bilmirəm. Bölgələrimizdə olan qadınlarımız var, yazıblar ki, kitaba ehtiyacları var, amma ala bilmirlər. Onların ünvanını almışam, bölgələrə göndərəcəm. Kitabın ikinci nəşrinə də hazırlaşırıq, seminarlar edirik. Arada “ASAN” könüllülərlə görüşdüm. 2 saata yaxın söhbətimiz oldu. Bunların hamısı enerji istəyir. Ona görə bəzi işlər ertələnir. Amma hamısını yerinə yetirəcəyik.

- Kitabla bağlı kişilərdə neqativ mesajlar almısızmı?

-Bəli, belə kişilər var. Hətta qadınlar da olur. Bərabərliyi dəstəkləməyənlər, hələ də qadınların daha aşağı və ağılsız olduğunu açıq şəkildə deyirlər. Kitabdan əlavə ümumiyyətlə, gender bərabərliyini və qadın haqlarını sözdə, əməldə əzənlər çoxdur. Təəssüf ki, bunların içində qadınlar da var. Amma bir tərəfdən həmin qadınları anlayıram. Çünki onlar bu cür tərbiyə olunublar və öz həmcinslərinə hörmət etməməyi görərək böyüyüblər. Hətta bunu bilmədən təhtəlşüur edirlər. Bəzən öz cinsini aşağılayırlar. Həmin qadınları qınamıram. Çünki belə tərbiyə alıblar. Kişilər də bu cür tərbiyə alıblar, amma onlar heç olmasa, problemi göstərəndə loyal yanaşırlar. Çünki hər birinin qadını var. Ən çox da qız atalarının qadın hüquqlarından danışanda aqressiya göstərməsini anlamıram.

Sən bir qız övladı böyüdürsən, sabah o hansısa evdə aşağılanıb döyüləcək, hüquqları əlindən alınacaq. Buna necə razı olacaqsan? Hansı kişilikdir? Qadını əzmək, yoxsa qızının arxasında dayanmaq? Bir neçə gün qabaq yaxın qohumumuzun ailə quran qızına “o evdən meyitin çıxacaq” dediyini eşitdim. Həmin adamla 2 saat söhbətim oldu. Sual verdim ki, “bunu övladına necə deyə bilərsən? Sən oğlanı qabağına qoyub deməliydin ki, hələ sağam və qızımın arxasındayam. Bəlkə, sabah övladının başına elə oyun açacaqlar ki, sən gedib onu özün xilas etməlisən. İndidən necə proqramlaşdırırsan ki, qızımı öldür, üstümə göndər. Axı qadınları doğrudan da öldürüb valideynlərin üstünə göndərən “kişilər” saysız hesabsızdır.

Birinci zərbəni atadan necə almaq olar?”. 3-4 gün sonra həmin adamın yaxınları dedi ki, söhbətin ona xeyli təsiri olub. Çünki heç vaxt bu sözləri eşitməyib. Nə ata, nə ana, nə müəllim, nə cəmiyyət ona bu sözləri deyib. Həmişə deyiblər ki, qadının yeri mətbəxdir, qadın aşağıdır, kişi işinə qarışmamalıdır. Həmin ata mənim çox ciddi oxucumdur. Ona görə məni diqqətlə dinlədi. Sonra təsirlənib qızına deyib: “Həmişə arxandayam”. Qızı isə şokda idi. Tənqidini, tərifini düzgün seçəcəksənsə, sənə inanacaqlar...

- Feysbuk səhifənizdə paylaşmışdız ki, 30 ildir evli olan bir xanım sizə zəng vurub kitab əldə etmək istəyir. Heç cürə evdən çıxa bilmir, çünki yoldaşı qoymurdu. O xanıma kitabı çatdırdızmı?

-Həmin elanı yazandan sonra gənc bir xanım zəng vurub mənimlə görüşdü. Xanım dedi: “Anam 48 yaşında əsəb və stressdən dünyasını dəyişib. Atamın təzyiqlərinə, onu əzməsinə dözməyib ürəyi partlayıb. Ona görə belə qadınları görəndə gözümün qabağına anam gəlir”.  Gəldi, birini özünə, birini o xanıma aldı. Dəhşətlisi odur ki, həmin qadının adını soruşdu, adını deyəndə gənc xanım heyrətə gəldi. Dedi ki, “anamın adıdır”. Bəli, bu bir siqnaldır. Həmişə kosmik nişanlara inanmışam. Həyatın səsinə qulaq assaq doğru yolda olarıq. Gənc xanıma söylədim: “Ananız sizə səs göndərib ki, qızım, doğru yoldasan, qadına kitabı çatdır”. Həyatın səsi hansısa işarələrlə bizə mesaj göndərilir.

- Oxuculara ürək sözləriniz... 

- Oxuculara ürək sözlərimi kitabımda yazıram. Yazıçının işi oxucuyla kitab vasitəsilə görüşməkdir. Onları kitablara dəvət edirəm. Özgüvən çox vacibdir. Özlərinə, bacarıqlarına güvənsinlər. “Qızlar Ağlamaz” kitabında da yazmışam: "İnsana ömrü boyu bircə nəfər davamlı bacaracaqsan deyir - özü".

Söhbətləşdi: Yeganə Bayramova