“Təhsil haqlarının azaldılmasından çox danışılır, hətta...” - Deputatla müzakirə! 

 “...Tələbələrin təhsil haqqlarından azad olunması təklif edilir”

“Başa düşməliyik ki, təhsil haqqlarının azaldılması müəllimlərin maaşla təmin olunmamasına gətirib çıxara bilər”

“Çünki universitetlərdə tələbələrin təhsil haqqı ödənişinin 70-80 faizi müəllimlərin maaşlarına sərf edilir. Onları da düşünmək lazımdır”



Koronavirus pandemiyasının ən çox təsir göstərdiyi sahələrdən biri, şübhəsiz ki, təhsildir. Şagird və tələbələr mart ayından məktəblərdən uzaq düşdülər və yalnız onlayn təhsillə kifayətlənməli oldular. Əlbəttə, bu, birmənalı qarşılanmadı. Onlayn təhsili dəstəkləyənlər kimi, onun əleyhinə çıxış edənlər də tapıldı. İndi müəllimləri və təhsil alanları ən çox düşündürən  sual budur:

  “Nəhayət ki, təhsil müəssisələrinə qayıdacağıq, ya tədris bu formatda da davam edəcək?” Ekspertlər müxtəlif versiyalar haqqında düşünürlər, rəsmi məlumat isə hələ də yoxdur. Bu dəfə təhsil müəssisələri ilə, müəllimlərimizlə görüş yerini dəyişəcəyik, yoxsa ənənəyə sadiq qalacağıq?

“Sherg.az” olaraq haqqında ciddi müzakirələr gedən sual və arzuolunmaz qonaq-koronavirusun tədrisə təsirinin meydana çıxardığı digər məqamlarla bağlı millət vəkili, təhsil eksperti Etibar Əliyevlə söhbətləşdik: 

- Pandemiyanın təhsilə təsirin minimuma endirilməsi məqsədilə ölkəmizin gördüyü tədbirləri necə qiymətləndirirsiniz?

- Hər ölkənin özünəxas təhsil sistemi var. Hər bir dövlət tədrisi pandemiyanın fəsadlarından qorumağa çalışır. Əlbəttə, bu istiqamətdə müxtəlif addımlar atıldı. Azərbaycan da öz növbəsində ciddi işlər gördü. Müəllimlərin əməkhaqqlarının təmin olunması, təhsil alanların və təhsil verənlərin sağlamlıqlarının qorunması, habelə həssas ailə qruplarına aid 20 min tələbənin təhsil haqqlarından azad olunması bu qəbildəndir.  Dövlət bütün bu işlərə 40 milyon vəsait ayırdı. 

- Yeni tədris ilinin hansı qaydada başlanması barədə fikirləriniz maraqlıdır... 

- Dövlət başçısı İlham Əliyev “Microsoft” şirkətinin rəhbəri ilə görüşdə bir sıra vacib məsələləri müzakirə etdi. Həmçinin bildirildi ki, biz yeni tədris ilinə hazır olmalıyıq. Bildiyiniz kimi, ənənəvi təhsil martdan etibarən dayanıb. Bundan sonra vəziyyətin necə dəyişəcəyini heç kim bilmir. Ona görə prezidentin də söylədiyi kimi, biz ən pis ssenariyə hazır olmalıyıq. Hazırda diskussiyalar gedir. Təhsil naziri Emin Əmirullayev Milli Məclisin Elm və təhsil komitəsi ilə görüşündə bir çox vacib məqamlar, o cümlədən Təhsil İnstitunun təklif etdiyi layihə ətrafında fikir mübadiləsi aparıldı. Hər halda növbəti iki həftə çox mühümdür. Tendensiyanı diqqətlə izləməli və ona müvafiq qərar verməliyik. Şagirdin hansı təhsil pilləsində oxumasından asılı olaraq proporsional yanaşmanın da tətbiq edilməsi mümkündür. 

- Necə yəni?

- Dünya ölkələri məktəbəqədər hazırlığı və ibtidai təhsili ənənəvi formada başlatmaq niyyətindədir. Biz də belə edə bilərik. Amma 9-11-ci siniflərdə oxuyanlar üçün problem yaranması da istisna deyil. 

- Niyə?

- Çünki şagird sıxlığı var. Fəqət Təhsil Nazirliyi bu problemi həll etməkdən ötrü maraqlı təkliflə çıxış edib. Sarı, narıncı və qırmızı zonaların yaradılması barədə təklif məhz bu məqsədlə irəli sürülüb. Əslində rayonlarda belə bir problem yoxdur. Sıxlıq daha çox Bakıdadır. 

- Deməli, tədrisə əyani formada başlaya bilərik?

- Bunu zaman göstərəcək. Biz pandemiyanı idarə edə bilmirik. Amma istənilən halda distant təhsilə hazır olmalıyıq. Bəlkə də, tədrisin 80-i faizi ənənəvi, 20 faizi distant formada təşkil olunar. Elə fənnlər var ki, onların məsafədən keçirilməsi heç bir problem yaratmaz. 

- Əgər dərslər distant başlasa, ola bilərmi, gələcəkdə də belə davam etsin və ənənəvi tədrislə birdəfəlik sağollaşaq?

- İnanmıram. Hər halda belə davam etməyəcək. ÜST-ün tövsiyələri, yoluxma və sağalma tempi də vəziyyətin getdikcə düzələcəyini deməyə əsas verir. Bir məqamı da deyim ki, bəziləri qəbul prosesində hansısa problemlərin olacağını deyirdilər. Lakin göründüyü kimi, çətinlik olmadı. Əksinə, güzəştlər tətbiq edildi, mart ayından sonrakı dövrə aid mövzular imtahan suallarına salınmadı. 

- Distant təhsilə hazırlıq necə olmalıdır?

- Təbii ki, texniki təminat öz yerində. Bundan savayı, dərsliklərdə ciddi dəyişikliklər edilməlidir. Çünki indiyə kimi müəllim dərsi şagirdə sinif otağındaca başa salırdı. Əgər koronavirus pandemiyası şiddətlənsə və tədris məsafədən təşkil olunsa, şagird dərsi fərdi şəkildə mənimsəməli olacaq. Deməli, dərsliklər sadələşdirilməlidir. Həm də  distant təhsilin fasiləsiz tədrisin tərkib hissəsi olduğunu nəzərə almalı və keyfiyyətini artırmalıyıq. 

- Müəllimlərin əməkhaqqlarının azaldılmasından danışırlar...

- Bu barədə Milli Məclisdə heç bir müzakirə getmir. Düzdür, dünya təcrübəsi də göstərir ki, distant təhsil daha ucuz başa gəlir. Amma pandemiyadan çıxış yolu kimi müəllimlərin əməkhaqqlarını azaltmaq doğru deyil. Bir çox ali məktəblər, o cümlədən ADA, UNEC distant təhsili ən yüksək səviyyədə təşkil etdilər. Belə olan halda müəllimlərin maaaşlarına müdaxilə etmək yanlış olar. Unutmayaaq ki, Azərbaycan sosial dövlətdir və müəllimlərin maaşlarının azaldılması pandemiya başa çatanadək müzakirə mövzusu ola bilməz. 

- Bəs təhsil haqlarının azaldılması...?

- Təhsil haqlarının azaldılması çox danışılır. Hətta tələbələrin təhsil haqqlarından azad olunması təklif edilir. Sadəcə başa düşməliyik ki, təhsil haqqlarının azaldılması müəllimlərin maaşla təmin olunmamasına gətirib çıxara bilər. Çünki universitetlərdə tələbələrin təhsil haqqı ödənişinin 70-80 faizi müəllimlərin maaşlarına sərf edilir. Onları da düşünmək lazımdır.

Söhbətləşdi: Kənan Novruzov