Aqil Abbas Ağdamdan Qurbanova səsləndi: “Altı ay futbol oynamaya-oynamaya...”

“Makedoniyanın çempionuna qalib gəlirsə, deməli, “Qarabağ” ən xoş sözlərə, ən isti təbriklərə layiqdir”

“Özü də nəzərə almaq lazımdır ki, Makedoniya futbol ölkəsidir”

Dünən, bəlkə də, ilk dəfə olaraq hansısa futbol matçı azarkeşsiz keçirilib. Belə ki, Ağdamın “Qarabağ” komandası qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası çərçivəsində Şimali Makedoniyanın “Sileks” komandasını qəbul edib.  Görüş Tofiq Bəhrəmav adına Respublika Stadionunda baş tutub.

Koronavirus pandemiyası ilə əlaqədər tribunaların boş olması futbolçularımızı ruhdan sala bilməyib. Əksinə, Qurban Qurbanovun yetirmələri ekran qarşısında əyləşən milyonlarla azərbaycanlının dualarını, alqışlarını sanki eşidirlərmiş.

“Qarabağ”ın rəqibini 4:0 hesabı ilə məğlub etməsi bütün soydaşlarımızı, o cümlədən deputat, futbol azarkeşi Aqil Abbası da çox sevindirib. O, keçirdiyi hissləri “Sherg.az”la bölüşüb: 

“Mən indi Ağdamdayam. Dünən bütün kənd camaatı ilə birlikdə futbolu izlədik.

“Qarabağ”ın bu qələbəsinə hər kəs çox sevindi. Əgər altı ay futbol oynamaya-oynamaya, Makedoniyanın çempionuna qalib gəlirsə, deməli, “Qarabağ” ən xoş sözlərə, ən isti təbriklərə layiqdir.

Özü də nəzərə almaq lazımdır ki, Makedoniya futbol ölkəsidir. Bizə bu sevinci yaşatdığına görə, baş məşqçi Qurban Qurbanova, Maksim Vedvedevə, Qara Qarayevə, onların timsalında bütün oyunçulara və xüsusilə ən çətin vaxtda “Qarabağ”a rəhbərlik etmiş Həsən İsayevə minnətdarlığımı bildirirəm. Bu qələbələrin davamlı olacağına əminəm. “Qarabağ”ın qrup mərhələsinə düşəcəyini bilirəm”.