Seroloji testin mahiyyəti: “İmmunitet səviyyəsi öyrəniləcək və...”

“...Bu da pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək"

“ “COVİD-19” diaqnozunun qoyulması üçün bir sıra  testlərdən istifadə edilir. Bunlardan  daha dəqiqi PZR və  seroloji testlərdir.   PZR testi zamanı burun - udlaqdan alınan yaxma materialına baxılır.  Seroloji  test isə qanda igG (immunoglobulin G) və igM (immunoglobulin M)  aşkarlanması üzərində qurulub". 

Bu sözləri "Sherg.az"a həkim Könül Bədəlbəyli deyib.  Həkimin sözlərinə görə, aparılan PZR testlər hazırkı xəstəliyi göstərdiyi halda qanda immunuglobinin təyini artıq keçirilmiş olan infeksiyanı göstərir: 

"Əgər şübhəli xəstəlik əlamətləri varsa, PZR (burundan yaxma sürüntü) üsulu ilə yoxlanılma düzgündür. Heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha doğrudur.

Bu testin keçirilməsi üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir.

Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılır. Mütəxəssislər analizlərin nəticələrini təhlil edir, yekun nəticələr barədə ictimaiyyətə məlumat verilir.

Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Ümumilikdə isə bu testlər eyni zamanda əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək".

Qeyd edək ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər.