“Rusiya Lukaşenkonu cəzalandırır” - Moskvanın planları işə düşüb ! 

“Hətta Rusiyanın təhlükəsizlik qüvvələri Belarusdakı hadisələrdə lazım olan addımlar atıb”

 “Lukaşenko Rusiyaya müraciət edib onun bütün şərtlərini qəbul etməyə hazır olduğunu deyir”

“Belarus xalqı dəyişiklik istəyir. Amma hansı qüvvə bu dəyişikliyi həyata keçirəcək?!”


Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə (DİN) mitinqlərin qarşısını almaq barədə göstəriş verib. A.Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib:
“Minskdə bir daha mitinqlər olmamalıdır. İnsanlar yorulur, onlar sülh və sakitlik tələb edirlər. Bir tərəfdən, belarusluların nəyi itirə biləcəklərinə nəzər salması yaxşıdır. Sakit ölkədə yaşamağa alışmış bir çox insan var. Bu sakit ölkəni onlara qaytarmalıyıq”.

Paytaxt Minskdə bütün fabrik və zavod işçiləri nümayiş iştirakçılarına qoşularaq Lukaşenkonun getməsini tələb edirlər. Keçmiş hərbi işçilər və polislərdən xeyli sayda şəxs xalqın tərəfinə keçib. Bir neçə xarici ölkə nümayəndələri də xalqın tərəfindədir. Belə olan halda Lukaşenkonun hakimiyyətdə qalması sual altına düşür. 

Prosesi “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Belarusda baş verənlər Rusiyanın planlarına uyğun şəkildə həyata keçirilir. Partiya sədri vurğulayıb ki, Lukaşenko seçkilərdən qabaq Qərbə doğru meyilləndi:

“Hətta NATO-ya müraciət elədi ki, Belarusun Rusiya qarşısında təhlükəsizliyi təmin edilsin. Əslində Rusiya vassal Lukaşenkonu cəzalandırır. Lukaşenko açıq şəkildə dedi ki, “məni öldürməyənə qədər prezident postundan gedən deyiləm”. 

Digər tərəfdən isə Rusiyaya müraciət edib onun bütün şərtlərini qəbul etməyə hazır olduğunu deyir. Hətta Rusiyanın təhlükəsizlik qüvvələri Belarusdakı hadisələrdə lazım olan addımlar atıb. Lukaşenko Rusiyanın bütün şərtləri ilə razılaşacaqsa, hadisələr Rusiyanın istədiyi istiqamətdə inkişaf edəcək. Belarusdakı hadisələr demokratiya uğrunda baş verən hadisələr deyil. Belarus xalqı dəyişiklik istəyir. Amma hansı qüvvə bu dəyişikliyi həyata keçirəcək?”

S.Cəlaloğlu qeyd edib ki, Lukaşenko hakimiyyətə gələn gündən ölkədə sovet rejimini saxlayır. Əhalinin xarici ölkələrlə demək olar ki, əlaqəsi yoxdur:

“Belə bir vəziyyətdə xalq hakimiyyətin dəyişilməsini həyata keçirə bilər. Yəni Lukaşenkonun hakimiyyətdən getməsi mümkündür. Amma xalq arzuladığı cəmiyyəti necə qura biləcək? Onları kim idarə edəcək?

Ukrayna təcrübəsindən bilirik ki, Rusiya keçmiş SSRİ ölkələrinin hamısının daxili işinə qarışır və müxtəlif iğtişaşlar törədib, vətəndaş müharibələrinə əl atıb. Ona görə də Belarusda vəziyyət olduqca ciddidir. Ölkədə qarışıq durum hökm sürür”.