Həkim seroloji testlərdən DANIŞDI: “..Növbəti strategiyamıza təsir göstərəcək”

Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb. Seroloji testlərin aparılması pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır.


Testlərin təşkilində əsas məqsəd xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək.

İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib. 

Seroloji testlərin artıq bir sıra dünya ölkələrində keçirildiyini deyən həkim-infeksionist Nəzrin Mustafayeva “Sherg.az”a söyləyib ki, bu testlərin keçirilməsi çox əhəmiyyətlidir.
Həkimin sözlərinə görə, 81 faiz insan xəstəliyi yüngül, bəzi hallarda isə simptomsuz keçirir:

“Müraciət edən xəstələr arasında təsadüfi olaraq seroloji testlər nəticəsində qanında immunitetini aşkar etdiklərimiz var. Lakin həmin şəxslər xəstəliyi nə vaxt keçirdiyini heç xatırlamadıqlarını deyir. Hətta xəstəliyi keçirən zamanlarda işə gedib-gəliblər. Xəstəliyi bu dərəcədə, yəni simptomsuz keçirmək mümkündür”.       
        
N.Mustafayeva bildirib ki, koronavirusu bu formada keçirənlər, təsadüfi müayinə edilmiş şəxslər arasında monitorinq aparmağı planlaşdırırıq:

“Bunun əhəmiyyəti ondan ibarət olacaq ki, təsadüfi xəstəlik keçirənlərin neçə faizinin qanında immunoqlobulinlər yaranıb. Monitorinq növbəti strategiyamıza təsir göstərəcək. Əhalinin çox az qismində təsadüfi yoluxma çıxsa, bu, o deməkdir ki, bizim ölkə hələ də təhlükə altındadır və virusa qarşı həssasdır”.        

Həkim vurğulayıb ki, seroloji testlər mərhələli şəkildə aparılacaq:

“İlkin mərhələ olaraq 1650 nəfər təsadüfi seçilmiş  şəxs arasında test keçiriləcək”.