Cərimələr gəlir, sürücülər arxayın olmasın!

Karantində qalan avtomobillər indi mütləq texniki baxışdan keçməlidir


“Avtomobilin texniki baxış müddəti çatanda maşını saz vəziyyətdə olan sürücü belə, texniki baxış məntəqəsinə getməkdən çəkinir. Bunun bir çox səbəbi var. Ümumiyyətlə, sürücülər avtomobillərini hansı müddət ərzində texniki baxışdan keçirməlidirlər? Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında, yəni 5-ci ilində texniki baxışdan keçirilməlidir. İstehsal ilindən 10 il keçmiş avtomobillərin isə hər il mütləq şəkildə texniki baxışı olmalıdır”.
Bu sözləri “Şərq”ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, bir çox sürücülər avtomobili aldığı ildən texniki baxış müddətini hesablayırlar: “Bu tamamilə yanlış fikirdir. Qanuna əsasən avtomobilin istehsal ili əsasdır.



Bu qaydaları əksər sürücülər bilir, sadəcə, yaranmış vəziyyətdən sui-istifadə edənlər də az deyil. Pandemiya ilə əlaqədar olaraq Dövlət Yol Polisi sürücülərə müəyyən güzəştlər etdi.

Müəyyən bölgələrdə qalanlar və yaxud karantin səbəbindən postu keçə bilməyən sürücülərə cərimələr tətbiq olunmadı. Amma yumşalma dövründə bəzi sürücülər arxayınlaşdı ki, karantinlə əlaqədar heç bir cərimə yazılmır və bu səbəbdən də avtomobillərini texniki baxışdan keçirmədi. Həmin sürücülər indi mütləq şəkildə avtomobillərini texniki baxışdan keçirməlidirlər. Yoxsa onlara cərimələr tətbiq olunacaq”.

E.Muradlı bildirib ki, respublika üzrə bütün texniki baxış məntəqələri istirahət və bayram günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir:

“Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış və ya qanunvericiliklə nəzərdə tutulmuş texniki baxış müddəti bitmiş avtomobil sürücüləri və sahibləri nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər.

Bir nüansı da qeyd edim ki, çox zaman sürücülər vaxtlarının olmamasını səbəb gətirərək, texniki baxış məntəqələrinə gələ bilmədiklərini bildirirlər. Xüsusi olaraq bildirim ki, bunu onlayn qaydada həyata keçirmək mümkün deyil, texniki baxış yalnız müayinə əsasında həyata keçirilir”.