Oxumaq vaxta baxmır...

Pandemiya dövründə heç bir ziyalı sıxıntıdan şikayətlənmədi

Lakin bəzi gənclərin işləri yalnız sosial şəbəkələrdə gileylənmək oldu

Məlumdur ki, insanlar ən yüksək keyfiyyətləri, əsl təhsili yalnız mütaliə etməklə qazanır. Mütaliə insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görmək mümkündür. Lakin yaşadığımız cəmiyyətdə etiraf edək ki, pandemiya dövründə də mütaliə mədəniyyətinin inkişafı sahəsində lazımi irəliləyişə nail ola bilmədik. Bunun səbəbləri nələrdir?

Milli Elmlər Akademiyasının dosenti Aqil Cəfərov “Şərq”ə açıqlamasında mütaliəyə marağın aşağı düşməsinin təhlükəli bir tendensiyanın xəbərçisi olduğunu qeyd etdi. O bildirdi ki, son zamanlar gənclərin sosial şəbəkə aludəçiliyi daha da artıb:

“Pandemiya dövrü mütaliə üçün çox gözəl fürsət idi. Lakin gənclərimiz bundan da faydalanmaq istəmədi. Belə bir zamanda yalnız işləri sosial şəbəkələrdə gileylənmək oldu. Amma diqqət yetirsək, görərdik ki, heç bir ziyalımız vaxt sıxıntısından şikayətlənmədi. Özüm şəxsən bu müddətdə bir çox əsərlər oxudum, hətta mütaliə etdiyim əsərləri yenidən gözdən keçirdim. Bəzi gənclərimiz sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək vətənimizi tanıtmaq, oxuduqları kitablar, keçdikləri dərslər ətrafında diskusiyalar aparmaq əvəzinə, əhəmiyyətsiz işlərlə məşğuldurlar”.

A.Cəfərov vurğulayıb ki, bir çox gənclər nəinki mütaliədən, hətta ailə üzvləri ilə ünsiyyətdən belə uzaqlaşırlar:

“Bu gün bəzi gənclərimiz yersiz əyləncələrə, səmərəsiz həyat tərzi keçirməkdə maraqlıdırlar. Pandemiya dövrü o insanlar üçün sanki real həyatda həbs cəzası çəkilmədən həbs cəzası idi. Onlar bunu heç cür həzm edə bilmirdilər, bu müddətdə dəhşət sıxıntı çəkirdilər. Hesab edirəm ki, həyatını əyləncələrə sərf etmiş insanlar yenidən öz dünyalarına qayıdacaq. Onları mütaliəyə yönəltmək çətin məsələdir. Bildiyimiz kimi, mütaliənin özü ailədən gələn tərbiyədir. Ailə ilə yanaşı insanların yaxşı ətrafının olması da əsas şərtdir”.