ReAL sədrinin rəhbərlik müddəti qısaldıldı

Partiyanın Nizamnaməsinə dəyişiklik edilərək Siyasi Komitəyə geniş səlahiyyət verildi

Avqustun 18-də ReAL Partiyanın Siyasi Komitəsinin ilk iclasında İlqar Məmmədov bu partiyanın sədri seçilib. Siyasi Komitənin altı üzvünün hamısı sədrliyə namizədliyini verib.

Lakin partiyanın nizamnaməsinə və daxili konsensusa uyğun olaraq, digər namizədlər İlqar Məmmədovun xeyrinə öz namizədliyini geri götürüblər. Xatırladaq ki, avqustun 4-də ReAL Partiyasının onlayn təsis qurultayı keçirilib. Qurultaya 108 nümayəndə seçilib, onlardan 98-i forumda iştirak edib. Forumda altı nəfərdən ibarət Siyasi Komitə formalaşıb. 

İclasla bağlı “Şərq”ə danışan ReAL üzvü Natiq Cəfərli bildirib ki, avqustun 4-də keçirilən qurultayda sədr seçilməyib. Nizamnaməyə uyğun olaraq sədr seçimi qurultaydan sonraya saxlanılıb. Çünki qurultay 6 nəfərdən ibarət olan Siyasi Komitəni, bu komitə isə daha sonra sədri seçir: “Nizamnamədə qeyd olunub ki, sədr ancaq Siyasi Komitə üzvlərindən biri ola bilər.

Yəni real olaraq partiya sədrliyinə 6 namizəd var idi. Bu, seçilən sədrin səlahiyyətlərinin azaldılması, kollektiv idarəetmənin praktikada tətbiq olunması üçün atılmış bir addımdır. Sədrin rəhbərlik müddəti də qısaldıldı. İstənilən şəxs 4 il olmaqla, iki dönəm, yəni 8 il sədrlik vəzifəsini icra edə bilər. Siyasi Komitəyə böyük səlahiyyətlər verildi və nizamnaməyə dəyişikliklər edildi.

Komitə əlavə 15 nəfərə qədər üzv qəbul etmək səlahiyyətinə sahibdir. İlin sonuna qədər bir neçə tanınmış şəxs Siyasi Komitədə təmsil oluna bilər. Komitə istədiyi vaxt sədri vəzifədən uzaqlaşdırmaq, yeni sədr seçmək hüququna malikdir.

Sədr sadəcə ümumi prosesin moderatorluğunu həyata keçirir.

Komanda, icra aparatı və alınmış qərarlarla məşğul olur. Həm də beynəlxalq və ölkədaxili görüşlərdə ReAL-ı təmsil edir. Lakin bütün görüşlərlə bağlı Siyasi Komitəyə hesabat verməlidir. Kifayət qədər demokratik və kollektiv idarəetmə formasını seçmişik”. 

N.Cəfərlinin sözlərinə görə, gələn ayın əvvəlindən başlayaraq prezident və parlament seçkiləri üçün yeni siyasi platforma hazırlanacaq:

“İndidən seçkilərə hazırlaşmağa başlayacağıq. Əfsuslar ki, Azərbaycanda seçkilərə hazırlıq seçki gününə bir-iki ay qalmış başlayır. Biz isə vaxt itirmədən çoxşaxəli platforma fonunda hazırlıqlara start verəcəyik. Təqribən 700-800 səhifəlik bir dosya olacaq. İlin sonunda ilkin forma Siyasi Komitədə müzakirəyə çıxarılacaq. Əgər ölkədə növbədənkənar seçki elan olunarsa, qurultayımız da növbədənkənar toplanaraq, öz platformasını təqdim edəcək”.