Canlarına qorxu düşüb

Ermənilər cəbhəboyu yeraltı sığınacaqlar tikir

Politoloq:"Bu, onu göstərir ki, onlarla sülh dilində danışmağın mənası yoxdur"

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma Qarabağ rejimi cəbhəboyu ərazilərdə geniş tikinti işləri həyata keçirir. Ermənistan KİV-lərinin məlumatına görə, qondarma rejimin “rəhbəri” Araik Arutyunyan tikinti şirkətlərinin rəhbərlərinə cəbhəboyu ərazilərdə yeraltı sığınacaqların tikilməsi barədə göstəriş verib. O, mühəndis-istehkam işlərinin geniş miqyas almasını əsas şərtlərdən biri adlandırıb.

Ekspertlərin firkincə, Azərbaycan-Türkiyə təlimlərindən ciddi narahatlıq keçirən separatçılar tezliklə hərbi əməliyyatların başlayacağına şübhə etmirlər.   



Düşmənin təşvişə düşməsi ilə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Ermənistan tərəfinin davranışları və işğal olunmuş ərazilərdə sürətli tikinti işləri aparması bir daha sübut edir ki, onlarla sülh dilində danışmağın mənası yoxdur. Siyasi şərhçiyə görə, 2016-cı il aprel döyüşləri və son Tovuz hadisələri bir daha təsdiqlədi ki, ordumuz kənar müdaxilələr olmadığı təqdirdə çox sürətlə topraqlarımızı işğaldan azad etməyə qadirdir:

“Xalqımızın döyüş ruhunun gücləndiyi bir zamanda ermənilər təşvişə düşərək təmas xəttində hərbi obyektlərin və müdafiə sistemlərinin sayını artırmaq qərarına gəlib. Bu yaxınlarda Ermənistana Serbiya və Rusiyadan böyük həcmdə silah-sursatın daşınması əsassız deyil. Görünür, Qarabağ artıq qorxulu yuxuya çevrilib.

Türkiyə ordusunun Azərbaycana gəlişi və müəyyən dövr üçün burada qalması da düşmənin narahatlığını artırıb. Türkiyə prezidentinin, xarici işlər nazirinin və Müdafiə naziri Hülusi Akarın Qarabağla bağlı bəyanatları deməyə əsas verir ki, torpaqlarımızın azad edilməsi istiqamətində həmləyə keçəcəyimiz təqdirdə 3-cü qüvvələrin müdaxiləsinə yol verilməyəcək.

Türkiyə həm də NATO ölkəsidir”. Politoloq əlavə edib ki, hazırda dünyada böyük dəyişikliklər baş verir, siyasi-iqtisadi sahələrdə yenidənqurma prosesləri güclənir”.