Kafe, restoranlar açıldı, daha diqqətli olmalıyıq

Yoluxma sayı azalıb, ancaq ictimai məsuliyyət, vətəndaş məsuliyyəti bir an belə azalmamalıdır

Kafe və restoranlar bir neçə gündür ki, fəaliyyətini açıq havada bərpa edib. Əlbəttə, belə bir qərarın verilməsi üçün kifayət qədər tutarlı, əsaslı səbəblər olmalı, münbit şərait yetişməli idi. Əsas hədəf təbii ki, virusa yoluxanların sayında kəskin azalmanın müşahidə edilməsi idi. Ötən həftə ölkə ictimaiyyəti nəhayət ki, aylardır gözlənilən sevincli xəbəri aldı.

Ölkəmizdə koronavirus infeksiyasında ölüm faktı qeydə alınmadı, sağalanların sayı yeni yoluxanların sayını üstələdi.  Koronavirus pandemiyası ilə mübarizə  məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın üzvləri keçirilən brifinqlərdə hər dəfə belə suallarla qarşılaşırdılar ki, kafe və restoranların,  ictimai iaşə obyektlərinin, mağazaların   fəaliyyəti nə zaman bərpa olunacaq, OQ üzvləri də “bu, yoluxma dinamikasından asılıdır. Müsbət dinamika müşahidə edilərsə, əvvəlcə qəbul olunmuş qərarlarda yumşalmalar olacaq” cavabını verirdi. 

 Xatırladaq ki, pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində 29 mart 2020-ci l tarixindən etibarən ölkə üzrə kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər qoyuldu. Müştərilərə yerində xidmət dayandırıldı, yalnız evə çatdırılma, onlayn sifariş xidmətlərinin fəaliyyətinə icazə verildi. 4 may tarixindən etibarənsə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Abşeron rayonu ərazisi istisna olmaqla digər şəhər və bölgələrdə kafe və restoranların yerində müştərilərə xidmət göstərməsinə icazə verildi. Amma bu halda da kafe və restoran sahiblərindən, işçi personaldan  karantin rejimi qaydalarına, sanitar-gigiyenik normalara əməl etmək tələb olunurdu.

Operativ Qərargah  tərəfindən kafe və restoranların fəaliyyətinə dair xüsusi qaydalar işlənib hazırlanmışdı.  Masalar arasında məsafə  2 metrdən az, masa arxasında əyləşmiş insanlar arasında isə 1 metrdən az olmamaq şərtilə,  işçi personalın qoruyucu maskalardan istifadəsi,  dezinfeksiyaedici məhlullardan daim istifadə olunması, obyektə daxil olanların hərarətinin ölçülməsi tələbi qoyulmuşdu. Həmçinin, kafe və restoranlarda kütləvi toplaşmalara, kütləvi məclislərin təşkilinə qadağa qüvvədə qalırdı.

Elə o vaxt da bəzi yerlərdə karantin qaydalarının kobud şəkildə pozulması halları yaşanırdı.  İcazəsiz fəaliyyət göstərən kafe və restoranlar da aşkar edilirdi. Kafe və restoranların açılması hökumətin sahibkarlıq subyektlərinin az ziyan görməsi, pandemiya dövründə kiçik və orta sahibkarlığın zərərlərini minimuma endirmək məqsədi daşıyırdı. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev pandemiyanın ilk günlərindən dövlətin vətəndaşlara hər cür dəstək olacağını bəyan etmişdi. Prezident əlbəttə ki, sözünün üstündə durdu və mart ayından etibarən sahibkarlara, vergi ödəyicilərinə maddi yardımlar göstərilməyə başlandı.

Bütün bunlar dövlətin vətəndaşlarına qayğısının təzahürü idi. Vətəndaşın üzərinə düşənsə, ictimai məsuliyyət idi ki, pandemiyanın yayılmasına rəvac verilməsin, karantin qaydalarına əməl edilməklə dövlətin ağır şəraitdə həyata keçirdiyi məqsədyönlü tədbirlər effektiv olsun. Bəzi istisnaları – qayda pozanları -  nəzərə almasaq, ümumilikdə buna nail olundu. Nəticə də ümidvericidir. Hazırda ölkədə koronavirusa yoluxma sayında nəzərəçarpan eniş müşahidə edilir. Vəfat edənlərin sayı da azalmaqdadır. Lakin ictimai məsuliyyət, vətəndaş məsuliyyəti bir an belə azalmamalıdır.         

Ümidverici dəyişiklik 

18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi bərpa edilib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında avqustun 15-də qərar qəbul edib. Müvafiq qərarla Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət avqustun 18-dən etibarən  saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçirilir. Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. Bəs açıq havada xidmətin şərtləri nədir? İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.  İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiyaedici məhluldan istifadə imkanı, o cümlədən dezinfeksiyaedici məhluldan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.  Qərara əsasən, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitar-gigiyenik normalara və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.

Kafe və restoranlarda reydlər mütləq lazımdır

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, fəaliyətinə açıq havada icazə verilən obyektlərin qeyd edilən qərara uyğun şəkildə fəaliyyətinin yoxlanılması məqsədi ilə Bakı şəhəri və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən birgə reydlər keçirilir. Reydlər zamanı koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının qarşısının alınması məqsədilə həmin müəssisələrdə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməsi məsələləri araşdırılıb, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun qurulması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə kafe və restoranlarda xidmət personalı ilə söhbətlər aparılır. 

Reydlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara düzgün riayət edilməsi müəyyən edilib. Aşkar edilən nöqsanlar yerində aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb. Məlumatda bildirilir ki, paytaxtda ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.  Qeyd edək ki, karantin qaydalarının pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində konkret cəza nəzərdə tutulur. 

Yumşalmalardan sui-istifadə etmək olmaz

Bələdiyyələrin Fəaliyyətinin Təbliği  İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bildirib ki, fəaliyyətinə  açıq havada icazə verilən kafe və restoranlarda müntəzəm reydlər keçirilməlidir: 

- Belə reydlərin müntəzəm keçirilməsi olduqca vacibdir. Şahidi olduq ki, bir sıra bölgələrdə karantin rejiminin yumşaldılması bəzi qayda pozuntularına səbəb oldu. Fəaliyyətinə icazə verilmədiyi, iş icazəsi olmadan bəzən sahibkarlar kafe və restoranları gizli işlətməyə cəhd edirdilər. Belə hallar Çevik Polis Alayı  əməkdaşları tərəfindən aşkar edildikdə, sahibkarlar cərimə edilirdi. Amma niyə sahibkar özünü də, qəbul etdiyi müştərilərin də sağlamlığını riskə atmalıdır? Karantin qaydalarına anlayış göstərmək, səbrli davranmaq lazımdır. Başa düşüləndir, sahibkar, kafe sahibi gəlir əldə etmək istəyir. Pandemiya şəraiti hər kəsə hansısa formada ziyan vurur. Pandemiyadan zərər çəkməyən adam tapmaq mümkün deyil. Amma biz nəzərə almalıyıq ki, burada söhbət bizim sağlamlığımızdan, həyatımızdan gedir. Kimsə gəlir əldə etmək üçün başqalarının həyatını təhlükəyə atmamalıdır.  Məsələ infeksion xəstəlikdirsə və bunun da insandan insana yoluxması məlumdursa, gərək hər cəhətdən ehtiyatlı olasan və qaydalara əməl edəsən. Başqa yol yoxdur. 

V.Tofiqli ictimai iaşə obyektləri, kafe və restoranlarda, o cümlədən marketlərdə karantin qaydalarına necə əməl olunduğunun yoxlanması prosesinə yerli bələdiyyələrin də cəlb edlməsinin faydalı olacağını dedi: 

- Pandemiya ilə baglı bütün işlər konkret dovlət proqramı üzrə aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargah cox ciddi qərarlar qəbul etməkdədir. Biz gördük ki, bəzi yerlərdə bələdiyyələr öz kiçik imkanları hesabına dezinfeksiya işlərində iştirak etdilər. Baxmayaraq ki, bu işlərin icrası  və ona nəzarət bələdiyyələrə yox, bilavasitə yerli icra orqanlarının üzərinə düşür. 

Amma bəzi bələdiyyələr pandemiya şəraitində hökumətə dəstək verdilər. İndi də bələdiyyələrin nəzarət prosesinə cəlb edilməsi, fikrimcə, faydalı olardı. Düzdür,  reydlərdə Bakı şəhəri və paytaxtın inzibati rayonlarının icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Bakı Baş Polis İdarəsi əməkdaşları  iştirak edirlər.

Ancaq hər rayon üzrə yerli bələdiyyələr də bu prosesə cəlb edilsə, ictimaiyyətlə əlaqə, vətəndaşlarla ünsiyyət daha rahat olar. Bələdiyyələrin potensialından istifadə edilməlidir. Bələdiyyə işçiləri əraziyə bələddir. Sakinləri tanıyır. Karantin rejimində bələdiyyələr də cənab Prezidentin çağırışına qoşularaq ahıl insanlara, ehtiyacı olanlara yardım kampaniyasında iştirak etdilər.

Bu, ümumilikdə insanlarımızın vətəndaş məsuliyyəti və ictimai məsuliyyəti dərk edib dövlətə dəstək olmaq istəyindən irəli gəlir. Məncə, reydlərə bələdiyyə üzvləri də cəlb edilsə, bu strukturun fəaliyyəti də artar.