Yoluxma riski aktual olaraq qalır

"Mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür"

Azərbaycanda uzun müddətdən sonra açıq havada fəaliyyət göstərən kafe və restoranların işləməsinə icazə verilib. 
İctimai iaşə obyektləri səhər 9-dan axşam 22:00-dək işləyəcək. Masalar arasında məsafə artırılıb, bir stol arxasında 6 nəfərdən çox otura bilməz. Dezinfeksiyaya da xüsusi diqqət ayrılır – obyektlərin giriş-çıxışında, kassalarda, eləcə də masaların yanında dezinfeksiyaedici maddə dispenserləri qurşadırılmalıdır. 
Paytaxt sakinləri sanki bu qərarı gözləyirmiş kimi restoranlara axın edib. Nə məsafə gözləyən vardı, nə maska taxan...  Hətta şəhərin mərkəzindən uzaq yerlərdə əməlli-başlı çal-çağır idi. Kimi övladına ad günü keçirir,  kimi də özünə toy edirdi. 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə vətəndaşlara kafe və restoranlara vacib hallarda getməyi tövsiyə edib. Onun sözlərinə görə, bu cür obyektlər vaxt məhdudiyyəti və xüsusi qaydalar çərçivəsində müştəri qəbul etsələr də, yoluxma riski aktual olaraq qalır: "İnsanlar ictimai iaşə obyektlərinə üz tutsalar belə, qoyulan qaydalara ciddi riayət etməlidirlər.

Kafe və restoranların açıq havada fəaliyyətinə icazə verildi. Ümumən çalışmaq lazımdır ki, ciddi bir səbəb olmadan restoranlara getməyək. Müvəqqəti çətinlikdir və bunu qəbul etmək lazımdır. Həmin məkanlara getdikdə isə vətəndaşlar bu günə kimi Operativ Qərargahın qoyduğu qaydalara necə riayət edirdilərsə, eyni qaydada hərəkət etməlidirlər.

Ara məsafəsi gözləmək, gigiyena qaydalarına riayət etmək və çox sıx təmas yaranırsa, hökmən maskadan istifadə etmək lazımdır. Yalnız masa arxasında əyləşərkən qida qəbulu zamanı maskalar çıxarıla bilər. Hər kəs bu qaydaları gözləməlidir”.

Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov isə "Şərq"ə açıqlamasında  öz müşahidələrinə əsasən ictimai iaşə müəssisələrindəki canlanmanı təsdiqləyib. Yeni  standartlar çərçivəsində ictimai iaşə və xidmət sektorunda fəaliyyətlərin tam bərpasının  məqsədəuyğun olduğunu vurğulayan deputat bu sahələrdə 160 minə yaxın rəsmi çalışan işçi olduğunu deyib və bu baxımdan iqtisadi açılımın məşğulluq baxımdan vacib hesab olunduğunu deyib:

"Hələlik ictimai iaşə müəssisələri qapalı məkanda xidmət göstərə bilmirlər. Bu baxımdan, qapalı xidmət göstərən kafe və restoranlar üçün də yeni standartların müəyyənləşdirilməsi və onların fəaliyyətlərinə də icazə verilməsi məqsədəuyğun olardı.

Məsələn, elə kafe və restoranlar var ki, onlar ümumi zalda deyil, fərdi otaqlarda müştərilərə qulluq edirlər.

Halbuki, virusdan qorunma qaydalarını tətbiq etməklə onların da fəaliyyətinin bərpası mümkün idi. Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində 2 milyard manata yaxın dəyər yaradılır.

Bu isə kifayət qədər ciddi rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.

Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var.

Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür".