...Amandı sürücü ! - "Motosikletlər qəzaya səbəb olur” - Sürət həddi qoyulsun! 

“Pandemiya dönəmində özəl şirkətlərdə işə cəlb olunan qeyri- professional sürücülərin sayı artdı”

“Onlara inzibati qaydada nəzarət gücləndirilməlidir”


Pandemiya dönəmində paytaxt küçələrində sağa-sola şütüyən motosikletlərin sayı artıb. Ölkəmizdə karantinin sərtləşdiyi dönəmlərdə kafe-restoranların, geyim mağazaların bağlanması əhalini onlayn alış-verişə cəlb etdi. Əksər özəl şirkətlər çatdırılma xidmətini yerinə yetirmək üçün motosikletlərdən istifadə etdilər. Doğrudur, həm sərfiyyat, həm də yollarda tıxacların azalması baxımından motosikletlər faydalı minik vasitəsidir. Amma bu prosesə ciddi nəzarət olmalıdır.

Çünki onları idarə edən gənclərin yollarda təhlükəli vəziyyət yaratması da heç kimə sirr deyil. Hətta motosikletlər ağır yol qəzalarına səbəb olurlar. 



Məsələyə münasibət bildirən nəqliyyat ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında söyləyib ki, ölkəmizdə motosiklet minik növü olaraq heç vaxt cəlbedici olmayıb. Ekspertin sözlərinə görə, bu minik növü son dövrlər cəlbedici sayılır:

“Yol hərəkəti qaydalarında motosiklet sürməyə icazənin verilməsinə dair xüsusi proqram var. Sürücülük məktəblərində motosiklet idarə etmək üçün ayrıca kurslar təşkil olunub. Xüsusilə pandemiya dönəmində şirkətlər qida və digər sektorlarla bağlı evlərə onlayn çatdırmalar üçün motosiklet idarə edə bilən çoxsaylı gənci işə götürdülər. Həmin gənclər velosipedlə öz üzərilərində təcrübə keçmişdilər, amma motosiklet idarəsi ilə bağlı yetərincə təcrübəyə malik deyillər. Pandemiya dönəmində özəl şirkətlərdə işə cəlb olunanların və professional olmayan motosiklet sürücülərinin sayı artdı. Təbii ki, bu hal qəzaların çoxalmasında şərait yaratdı. İnsanların böyük əksəriyyəti hansısa vasitələrlə motosikleti idarə etmək üçün əlavə kateqoriya aldılar. Sırf təcrübəsizlik və gənclərin bu sektora cəlb olunması qəzaların artmasına səbəb oldu”.

İ.Hüseynli qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində də çox az sayda motosikletlər üçün ayrıca zolaqlar var:

“Motosiklet sürücüləri daha çox avtomobil yollarından istifadə edirlər. Amma Avropanın demək olar ki, bütün şəhərlərində velosipedlər üçün xüsusi zolaq var. Həmin yollarda digər nəqliyyat vasitəsi hərəkət etmir. Motosikletlər üçün isə xüsusi zolaq nəzərdə tutulmur. Ona görə də Bakıda xüsusi motosiklet zolaqlarının yaradılmasına dair fikirlər doğru yanaşma deyil”. 

Ekspert hesab edir ki, motosiklet sürücülərinə inzibati qaydada nəzarət gücləndirilməlidir. Polis orqanları onlarla mütəmadi reydlər etməlidirlər:

“Baxmalıdırlar ki, bu şəxsin xüsusi kateqoriyası varmı? Motosiklet sürücüləri üçün xüsusi sürət həddi müəyyənləşdirilməlidir. Əslində gənclərin motosikletlərlə hərəkət etməsi normaldır. Nəqliyyat növündə daha çox velosipedlərə və motosikletlərə üstünlük versək, tıxacların azalmasına nail olarıq. Amma ciddi nəzarət olmalıdır. Yoxsa hamı sadəcə velosipeddə idarəetmə vərdişlərini motosikletlərə tətbiq edəcəksə, bədbəxt hadisələr yaşanacaq. Ona görə Dövlət Yol Polisinin (DYP) bu məsələyə yeni yanaşması olmalıdır”.