“Məhərrəm ayında tələblərə əməl olunmalıdır” - Toplaşmaq olmaz !

“Epidemioloji vəziyyətə uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol vermək olmaz”

“Əks halda  ölkəmiz üçün arzuolunmaz nəticələrlə üzləşə bilərik”

"Azərbaycan dövləti  hər zaman dini- mənəvi dəyərlərə diqqət və qayğı göstərib. Ölkədə 2 mindən artıq məscid fəaliyyət göstərir.  Hər il Məhərrəmlik mərasimləri və digər dini bayramlar  yüksək səviyyədə qeyd olunur. Amma bu yaşadığımız qlobal problemlə əlaqədar məscidlərdə dini ayinlərin icrasına məhdudiyyətlər qoyulub". 

Bu sözləri "Sherg.az"a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat hesab edir ki, insanların kütləvi toplaşdığı ərazilərdə pandemiyaya yoluxma riski daha çox olduğundan Operativ Qərargahın qərarı ilə məscidlər, ziyarətgahlar qapalıdır: 

"Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura bilər. Bundan başqa, kütləvi toplaşmanın vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin uzanmasına və ya sərtləşdirilməsinə səbəb olması mümkündür. Məhz bu təhlükə  fonunda Məhərrəmlik mərasimlərinin qeyd olunması ilə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Bu günə qədər bütün dini ayinlərin yüksək səviyyədə qeyd olunmasına baxmayaraq  Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi vətəndaşlardan xahiş olunur. 

Əks halda  ölkəmiz üçün arzuolunmaz nəticələrlə üzləşə bilərik. İslam dininin özü də insan sağlamlığına xüsusi önəm verilir. Hətta etdiyimiz ibadətlər zamanı  sağlamlıqla bağlı  müəyyən güzəştlər tətbiq olunur. Xüsusən də Oruc və dəstəmaz zamanı sağlamlıqla bağlı qeydlər xüsusi əhəmiyyət kəsb edir.

Son günlər virusla mübarizədə müsbət nəticələr əldə etmişik, onu bir neçə gündə itirə bilərik, virusa yoluxma və ölüm sayı arta bilər. Ona görə də, Məhərrəm ayında da diqqətli olmalıyıq, özümüzü qorumalıyıq. Dövlətin və aidiyyəti qurumların tövsiyələrinə uyğun olaraq karantin qaydalarına əməl etməliyik.

Zamanla  həyat öz axarına qayıdacaq və inşallah növbəti illərdə vətəndaşlarımız dini ayinləri əvvəlki səviyyədə  yerinə yetirəcək. Məscidlər də öz ibadətlərini edəcək. İndiki halda isə sadəcə səbrli olmalıyıq!  "