Təklif:“Universitetlərdə avtomobilin idarə olunması öyrədilsin!”

“Bu təlimlər seçmə fənn kimi həftədə 2-3 dəfə olmaqla tədris proqramına salına bilər”

“Təhsil alanların avtomobil idarə etmə savadlılığı artacaq və qəzaların sayı azalacaq”

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının dekan müavini Gündüz Uluxan maraqlı təkliflə çıxış edib. O, ali məktəblərdə avtomobil idarəetmə təlimlərinin fənn kimi keçirilməsinin məqsədəuyğun olduğunu düşünür. Gənc pedaqoq bu barədə “Sherg.az”a danışıb: 

“Bildiyimiz kimi, gənclərimiz avtomobil idarə etməyə həvəslidirlər. Odur ki, belə təlimlər universitetlərdə tədris oluna bilər.

Avtomobilin idarə olunmasının öyrənilməsində insan anatomiyasına da toxunulduğuna və özündə mülki müdafiənin müxtəlif elementlərini birləşdirdiyinə əsasən bunun maraqla qarşılanacağını deyə bilərik. Humanitar və təbiət elmləri fakültələrinin xüsusiyyətlərini nəzərə alsaq, yeni tədris planının hazırlanması və təlimlərin təşkili yaxşı olar.

Bu təlimlər seçmə fənn kimi həftədə 2-3 dəfə olmaqla tədris proqramına salına bilər. Beləliklə, il ərzində həmin fənnə 60-90 saat ayrılır. Bu isə təxminən 4-6 kredit deməkdir. Əslində proses kifayət qədər realdır. Azərbaycan Texniki Universitetində konkret sahə üzrə dərs deyən təcrübəli müəllimləri saat hesabı işə cəlb etmək mümkündür. Təklif etdiyim məsələ gündəlik məişət həyatımızla bağlı olduğu üçün kifayət qədər aktualdır”.

 G.Uluxanın fikrincə, ali məktəblərdə belə təlimlərin təşkili bir neçə cəhətdən faydalıdır:

“İlk növbədə bakalavr pilləsində təhsil alanların avtomobil idarə etmə savadlılığı artacaq. Beləliklə,  həm də qəzaların sayı azalacaq. Düşünürəm ki, müvafiq qurumlarla, o cümlədən DYP və DİM-lə imzalanan müqavilələr əsasında universitetdə bu fənnin imtahanından uğurla keçən tələbəyə sürücülük vəsiqəsi verilə bilər.

Nəticədə “kölgə iqtisadiyyatı” ilə pul qazanan kursların “bazarı bağlanacaq”. Eyni zamanda ali məktəblər bu təlimləri bazardakı qiymətdən daha ucuza keçməklə ali məktəbin büdcəsini zənginləşdirə bilər.

Nəzərə almaq lazımdır ki, hər il ali məktəblərə 100 minlərlə tələbə qəbul olur və onların əksəriyyəti avtomobil idarə etməyə maraq göstərirlər”.