“Minsk qrupu getməlidir” – Bacarmır !

“BMT-nin 4 qətnaməsinin tələblərinə uyğun heç bir mövqe sərgiləmir və beləliklə, yararsız olduğunu isbatlayır”

“Deməli, uğurlu fəaliyyətlə bağlı ondan nə isə gözləmək yersizdir”


Yəqin ki, ədalətsiz hakimin necə qarşılandığını hər kəs bilir. Haqqı nahaqqa qurban verən, amma özlərini ədalət təmsilçisi kimi göstərənlər bir müddətdən sonra fitə basılır, haqlarında “istefa!” nidaları eşidilir. Kim bilmirsə, üzünü ATƏT-in Minsk Qrupuna sarı çevirsin. Nə işlə məşğul olduğunu bilmədiyimiz qurum illərdir ki, Ermənistanın təxribat və təzyiqlərini görsələr də susurlar.

Bəlkə də, bacardıqları, bildikləri elə budur-yeyib, içib, getmək. Amma vəzifələri tamam ayrıdır- Dağlıq Qarabağ münaqişəsini həll etmək. Deməli, bacarmırlar. Bacarmayana da əvvəl-axır qapını göstərirlər. Bu, həmişə və hər yerdə belə olub. 
 
Azərbaycan Yüksəliş Partiyasının Təşəbbüs Qrupunun üzvü Anar Əsədli Minsk Qrupunun fəaliyyətsizliyi  barədə “Sherg.az”a fikrini bildirib:

 “Siyasilərimiz, politoloqlarımız həmişə ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətini tənqid edib. Əlbəttə, təbiidir. Çünki bu qurum “Danışıqlar uğurla davam edir” deməkdən başqa heç nə bacarmır. Bu nəticəsizlik nə qədər davam edəcək?! ATƏT-in Minsk Qrupu BMT-nin 4 qətnaməsinin tələblərinə uyğun heç bir mövqe sərgiləmir və beləliklə, yararsız olduğunu isbatlayır. Deməli, uğurlu fəaliyyətlə bağlı ondan nə isə gözləmək yersizdir. ATƏT-in Minsk qrupu artıq arxivə getməlidir”.

A.Əsədli düşünür ki, biz düşmənin bütün təxribatlarına hazırlıqlı olmalıyıq:

“Ermənistanın təxribatlarını davam etdirəcəyinə dair heç bir şübhə yoxdur. Onlar bu işdə “ustalaşıblar”. Təxribat törətməyi yaxşı bacarırlar. Yəni ermənilərin heç bir addımı bizə təəccüblü gəlməməlidir”.

Onun sözlərinə görə, bundan sonra vəziyyət dəyişəcək: 

“Bildiyiniz kimi, Türkiyə NATO ölkəsidir. Deməli, türk ordusunun Azərbaycana gəlişi həm də Qərbin məsələyə münasibəti idi. Bundan sonrakı proseslərdə Türkiyənin iştirakı vacibdir. Zənnimcə, münaqişənin həlli istiqamətində ən qısa yeni formatlar üzə çıxacaq. Və, əlbəttə, bu variantlar siyasi yox, məhz hərbi sfera ilə bağlı olacaq”.