“Baydenlə Trampın şansı bərabərləşir” - Mübarizə şiddətlənir! 

"Amma yəqin ki, son sözü debatlar deyəcək”

“Hələ Trampla Bayden arasında debatlar başlamayıb”

“Ümumiyyətlə, müzakirələr insanların rəyini formalaşdıran bir hadisədir”


Noyabrın 3-də Amerika Birləşmiş Ştatlarında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərin favorit namizədləri Demokratlar partiyasından Co Bayden və hazırkı prezident, Respublikaçılar partiyasından Donald Tramp hesab olunur. Rəqiblər arasındakı rəqabət gün keçdikcə daha da güclənir.
Kimin prezident seçiləcəyinə dair müxtəlif iddialar var. Əksəriyyət Trampın yüksək şansa malik olduğunu söyləsə də, bir çoxları Baydenin sosial bazasınıngüclü olduğunu iddia edir. 

Maraqlıdır, hansı namizədin şansı daha çoxdur və  Ağ Evin növbəti namizədi kim olacaq?



ABŞ-dakı prosesləri “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə Trampın məğlub olmaq ehtimalının yüksək olduğunu düşünmür:

“Artıq Demokratlar partiyasının qurultayı keçirilib. Bu, olduqca böyük bir hadisədir. Ona görə də qurultayın seçkilərə, Baydenin reytinqinə təsiri var. Amma yəqin ki, son sözü debatlar deyəcək. Hələ Trampla Bayden arasında debatlar başlamayıb. Ümumiyyətlə, müzakirələr insanların rəyini formalaşdıran bir hadisədir”. 

Analitik vurğulayıb ki, Tramp müəyyən nüansları qeyd etməyib:

“Onun müəyyən üstünlükləri və imkanları var. Çox güman ki, bu imkanları son məqama saxlayıb. Mübarizə çox şiddətli olacaq. Hazırda Baydenin şansı Trampa bərabərləşir.

Lakin düşünmürəm ki, Tramp çox zəifdir. Çünki Tramp Baydenə nisbətən daha aqressiv seçki kampaniyası aparır. Bu, namizədin qələbə qazanması üçün şərtdir”

Ekspertin qənaətincə Tramp texnoloqlara arxalanmır:

“Bayden isə faktiki olaraq politexnoloqlara arxalanır. Baydenin şanslarını yüksək qiymətləndirənlər onu güclü və nüfuzlu siyasi qrupların dəstəkləməsini əsas götürür.

Lakin nəzərə almaq lazımdır ki, seçkilərdə namizədlər mübarizə aparır. Mübarizədə isə liderlik faktoru vacibdir. Bayden lider deyil, heç vaxt da olmayıb. Tramp hər nə qədər bəzi siyasi səhvlər buraxsa da, xarizmatik liderdir. Bu, Bayden qarşısında onun hər zaman bir addım öndə olmasına gətirib çıxarır”.