Rəşad Məcidə dəstək: ““Yaşamaq haqqı”nın tədrisi zəruridir”

“Bizdə belə kitablar azdır”

“Anar müəllimin “Yaşamaq haqqı”nı Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabına bərabər tuturam” 

“Meyxana ilə yanaşı, kitabı da təbliğ etməliyik. Ziyalılarla, söz, fikir adamları ilə müntəzəm görüşlər keçirməliyik”


Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid maraqlı təkliflə çıxşı edib. O,  Xalq yazıçısı Anarın "Qanun" Nəşrlər evində kitab halında işıq üzü görən "Yaşamaq haqqı" tarixi-kulturoloji traktatının ölkənin ali məktəblərində tədris olunması və dərsliklər siyahısına salınması ilə bağlı təhsil naziri Emin Əmirullayevə müraciət edib. 

 Rəşad Məcid müraciətində "Yaşamaq haqqı" traktatının çoxəsrlik tariximizə fundamental, obyektiv, doğru bir yanaşma olması baxımından böyük əhəmiyyət daşıdığını bildirib:

 "Əsər əvvəl rusca çap olunmuşdu. Daha sonra Türkiyənin İLESAM təşkilatının təşəbbüsü ilə türkcə işıq üzü gördü. Bir neçə ay öncə isə əsər daha təkmil variantda "Qanun" Nəşrlər evində Azərbaycan dilində çapdan çıxdı. Son illər traktatın bəzi hissələri "525-ci qəzet"də də dərc olunub, qəzetin səhifələrində əsərin təbliği ilə bağlı materiallar işıq üzü görüb. Ölkəmiz üçün ziddiyyətli, qanlı-qadalı dövrlərə şahidlik etmiş yazıçının zəngin həyat təcrübəsi, nəsildən, gendən gələn xarakterik xüsusiyyətləri, möhkəm yaddaşı, tariximizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza dair dərin, hərtərəfli bilgisi, uzun illər ərzində Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərlə bağlı tanıdığı şəxsiyyətlərin xatirələri və özünün müşahidələri sayəsində ərsəyə gəlmiş bu traktat olduqca qiymətli bir əsərdir”. 

 Baş redaktorun bu təklifi sosial şəbəkələrdə geniş müzakirə olunub. Biz də “Sherg.az” olaraq məsələyə münasibət bildirməsi üçün BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli ilə söhbətləşdik:

- Rəşad Məcidin sözügedən təkklifini necə qiymətləndirirsiniz?

- Çox yaxşı.  “Yaşamaq haqqı”nı oxumuşam. Olduqca maraqlı və əhəmiyyətli əsərdir. Odur ki, Rəşad məüllimin təklifini dəstəkləyir və “Yaşamaq haqqı”nın xüsusilə humanitar fakültələrdə tədrisini zəruri hesab edirəm. Bizdə belə kitablar azdır. Mən Anar müəllimin “Yaşamaq haqqı”nı Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabına bərabər tuturam. 

- Bu kitabı özəl edən nədir?

- İçindəki məlumatlar. Məsələn müəllif  Əhməd bəy Ağayevin müəllimi olmuş Cəlaləddin Əfqani haqqında da məlumat verir. Əlbəttə, belə faktları bilmək Azərbaycan gəncliyi üçün zəruridir. 

- Sizcə, ali məktəblərdə başqa hansı ədəbi-bədii kitablar tədris oluna bilər?

- Məsələn Həsən Quliyevin “Azəri arxitepi” əsərini, Rəhman Bədəlovun, Əli Abbasovun, Niyazi Mehdinin, Əbdülhəsən Abbasovun və başqalarının kitablarını məsləhət görürəm. Bunlardan daha vacib isə Məhəmməd Əmin Rəsulzadənin beş cildlik  “Seçilmiş əsərləri”dir. Onları mərhum Şirməmməd Hüseynov tərcümə edib. Özünüdərk üçün, getdiyin yolu müəyyənləşdirməkdən ötrü bu əsərlər çox vacibdir. Ümumiyyətlə, bu cür vəsaitlər beyni qidalandırır. Amma təəssüf ki, cəmiyyətin kitaba münasibəti arzuolunan səviyyədə deyil. 

- Niyə?

- Çünki təbliğat azdır. “Qanun” nəşriyyatının direktoru kitabı təbliğ etmək naminə əlindən gələni edir, lakin yaxın duran yoxdur. Azərbaycan  Dövlət Tərcümə Mərkəzində ən orijinal, maraqlı əsərlər dilimizə çevrilir, fəqət alıb, oxuyan tapılmır. Texnika, internetin imkanları nə qədər inkişaf etsə, biz kitabla birgə addımlamalıyıq. Çünki kitab cəmiyyətin mayakıdır. 

- Bəs bu biganə münasibəti dəyişmək məqsədilə nə etməliyik?

- Meyxana ilə yanaşı, kitabı da təbliğ etməliyik. Ziyalılarla, söz, fikir adamları ilə müntəzəm görüşlər keçirməliyik. Əgər on dəfə şou-biznesdən danışanda, beş dəfə də ədəbiyyatdan danışsaq, vəziyyət düzələr