Lukaşenko yaxşı başa düşür: “Nümayişçilərin şərtlərini nəzərə almalıdır” – Sanksiya !

“Belarusda müəyyən islahatlar keçirilməli, dəyişikliklər olmalıdır”

“Lukşenko yaddan çıxarmamalıdır ki, Baltikyanı republikalar münasibəti kifayət qədər kəskindir”

“Rusiya da söz verib ki, heç bir ölkənin Belarusa müdaxilə etməsinə imkan verməyəcək”


Belarusda vəziyyət gərgin olaraq qalır. Paytaxt Minskdə küçələrə axın edən əhali Lukaşenkonu istefaya səsləyir. Günlərdir davam edən aksiyada ölənlər də var. Artıq 26 ildir, hakimiyyətdə olan Lukaşenko Belarus xalqının təngə gəlməsinə səbəb olub. Etirazları səngiməyən əhali dəyişiklik, yeni yaşam, yeni səs, nəfəs istəyir.

Hətta keçmiş hərbçilər və polislərdən xeyli sayda şəxs xalqın tərəfinə keçib. Bir neçə xarici ölkə nümayəndəsi də əhalinin tərəfindədir. Belə olan halda Lukaşenkonu nə gözləyir?



Belarusda proseslər ətrafında fikirlərini “Sherg.az”la bölüşən politoloq Fikrət Sadıqov bildirib ki, Minskdə vəziyyət kifayət qədər gərgin olsa da, Rusiya köməklik etməyə hazır olduğunu bəyan edib. Analitikin fikrincə, bu kömək yalnız xarici müdaxilələr halında baş verə bilər:

“Çünki heç bir dövlət hansısa ölkənin daxili işinə müdaxilə edə bilməz. Lukaşenkonun hakimiyyətdə qalması və ya getməsi Belarusda cərəyan edən proseslərin davam etməsindən asılıdır. Bir məqamı da unutmaq olmaz: düzdür polislər, daxili qoşunların bəzi üzvləri xalqın yanına keçir. Amma bu durum kütləvi xarakter daşımır. Lukaşenkonun da ölkədə kifayət qədər tərəfdarı var. Onlar hətta nümayişlərə çıxıb öz sözlərini deyərək Lukaşenkonu müdafiə edirlər”. 

F.Sadiqov qeyd edib ki, Belarusda müəyyən islahatlar keçirilməli, dəyişikliklər olmalıdır. Lukşenko da bunu yaxşı başa düşür:

“Amma o, 3 vasitəsindən istifadə edəcəksə, düşünmürəm ki, nəticəsi müsbət ola bilər. Özünün müdafiə üslüblarını və nümayişçilərin müəyyən şərtlərini nəzərə almalıdır. Eyni zamanda yaddan çıxarmamalıdır ki, Belarus Avropanın mərkəzində yerləşir və ətrafında Baltikyanı republikalar var. Onların da münasibətləri kifayət qədər kəskindir. Artıq sanksiyalar da tətbiq olunub”.

Politoloqun fikrincə, Lukaşenkonun hakimiyyətdən getməsi haqqında proqnoz vermək tezdir:

“Çünki proseslər hələ cərəyan edir. Nümayişçilər bu proseslərin davamlı xarakter almasını istəyirlər. Eyni zamanda ölkə rəhbərliyi özünü müdafiə etmək üçün əlindən gələni edir. Rusiya da söz verib ki, heç bir ölkənin Belarusa müdaxilə etməsinə imkan verməyəcək”.