“Türkiyə ölkəmizə xilaskar qismində gəlib, Rusiya isə…” – HƏQARƏT !

“Qardaş ölkə bizim yanımızda olduğunu bütün dünyaya bəyan edib”

“Amma türk ordusunun qarşısına bir nəfər də çiçəklə çıxmadı”

“Gəlişi ilə göz dağı vermək istəyən işğalçı Rusiyanı  gül-çiçəklə qarşıladıq”



Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib. Məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan  Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.
 Rusiya hərbi gəmilərinin Xəzərə dənizinə gəlməsi ciddi tənqid predimetinə çevrilib.

Bir yandan Tovuz hadisələrindən sonra  Rusiyanın işğalçı Ermənistana 400 ton silah-sursat verməsindən danışırıq, digər yandan Rusiya gəmilərini Bakıda təntənə ilə qarşılayırıq.



Politoloq Natiq Miri Rusiyanın, necə deyərlər, ağzımızın içinədək gəlməsi və onları qarşılama mərasimi ilə bağlı fikirlərini “Sherg.az”a bildirib: 

“Mən bunu Azərbaycan xalqına həqarət hesab edirəm. Bütün zamanlarda işğal məqsədilə Azərbaycana gələn Rusiyanı gül-çiçəklə qarşılamaq nə deməkdir?! 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə ölkəmizi işğal edən, 1990-ci ildə 20 Yanvar, 1992-ci ildə Xocalı faciələrini törədən Rusiya deyildimi?!

O idi! Biz isə yüzlərlə insanın qanını tökən dövlətin qoşununu gül-çiçəklə, rəqslə  qarşılayırıq. Bunu kim istəyə bilər?! Məncə, belə bir addım Azərbaycanın daxilində Rusiyapərəst mövqe tutan “5-ci kolon”un işidir. Odur ki, ciddi araşdırmalar aparılmalı və sözügedən əmələ yol verənlər cəzalanmalıdırlar. Bu, təkcə mənim tələbim deyil, milli düşüncənin tərkib hissəsidir”. 

N.Miri, həmçinin bildirib ki, Türkiyə ordusunun Azərbaycana gəlişi ilə haqqında danışdığımız hadisəni müqayisə etmək olmaz: 

“Bəziləri deyirlər ki, bu, balanslaşdırma siyasətidir. Amma belə deyil. Türkiyə generaliteti ölkəmizə xilaskar qismində gəlib və bizim yanımızda olduğunu bütün dünyaya bəyan edib.

Amma türk ordusunun qarşısına bir nəfər də çiçəklə çıxmadı. İşğalçı, gəlişi ilə göz dağı vermək istəyən Rusiyanı isə tamam başqa cür qəbul etdik. Halbuki Rusiya bu yolla bizə mesaj verir.

Azərbaycan buxtasına yerləşməklə Bakının işğalının onlar üçün heç də çətin olmadığını deyir. Odur ki, bir daha təkrar edirəm- bütün Azərbaycan xalqının narazılığına səbəb olan bu hadisəyə şərait yaradılmamalı idi”.