“Lotu Quli”nin ölüm fərmanı Rusiyada verilib

"Məqsəd azərbaycanlıları həmin aləmdə minimal təsir imkanları səviyyəsinə salmaqdır"

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Avtoritet Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalıb. Əhmədlinski hadisə yerində yaralansa da, qaça bilib. Lakin sonradan Antalya-Dənizli yolunda polislər tərəfindən yaxalanıb. Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb. Ona verilən “Quli” ləqəbi gürcü dilində ürək deməkdir. Kriminal aləmin lideri sayılan “qanuni oğru”nun qətli ilə bağlı bəzi təfərrüatlar da məlum olub.

Nadir Səlifov Antalyanın Serik rayonunda, Boğazkent turizm mərkəzindəki restoranlardan birində X. Əhmədlinski ilə şam yeməyində görüşüb. Yerli vaxtla saat 12.00 radələrində Əhmədlinski hələlik məlum olmayan səbəblərdən ona başından dörd dəfə atəş açıb. Təcili yardım əməkdaşlarının bütün müdaxilələrinə baxmayaraq, Nadir Səlifov hadisə yerində həyatını itirib. Onun meyiti Antalyadakı özəl xəstəxanalardan birinin morquna aparılıb. N.Səlifovun Bakıda, Bakıxanov qəsəbəsindəki məzarlıqda atasının yanında dəfn ediləcəyi bildirilir.

Xatırladaq ki,  “Lotu Quli” 2018-ci ildə Azərbaycanda həbsdən buraxıldıqdan sonra Türkiyəyə yerləşib. Lakin daha sonra Türkiyə hüquq-mühafizə orqanları onu saxlayaraq, ölkədən deportasiya ediblər. Kriminal avtoritet bir müddət Birləşmiş Ərəb Əmirliklərində və Balkan ölkələrində olub, yenidən başqa ad-soyadla Türkiyəyə yerləşib. Onun barəsində Rusiya və Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarış elan edilmişdi. 

“Lotu Quli”nin qətli ilə bağlı müxtəlif mülahizələr səsləndirilir. Xüsusilə, hadisənin avqustun 19-da baş verməsi ətrafında müzakirələr aparılır. Məsələ burasındadır ki, 2016-cı il avqustun 18-də başqa bir nüfuzlu “oğru” Rövşən Canıyev (Rövşən Lənkəranski) qətlə yetirilib. Bu qanlı olay da Türkiyədə baş verib. Həmin vaxt Rövşən Canıyevlə Nadir Səlifov arasında konflikt olduğundan birincinin qətli “Lotu Quli”nin üzərində qalıb. 2017-ci ildə Rövşən Canıyevin qardaşı Namiq Canıyevin Türkiyədə Nadir Səlifova qarşı sui-qəsd planına görə həbs edilməsi bu iddianı səsləndirənlərə əlavə arqumentlər qazandırıb. Bu səbəbdən “Lotu Quli”nin avqustun 19-da öldürülməsi ikincinin yaxın ətrafının qisas əməliyyatı kimi dəyərləndirlir. Lakin bu versiyanı bölüşməyənlər də var. Hesab edilir ki, hadisənin avqustun 19-da baş verməsi təsadüf ola, yaxud da bu tarix iz azdırmaq üçün seçilə bilər. Çünki əksəriyyət hesab edir ki, Nadir Səlifovun əsas düşmənləri Azərbaycanın kriminal dünyasında deyil, məhz Rusiyadadır. Hətta “qanuni oğru”nun öldürülməsi siyasi proseslərlə də əlaqələndirilir. 

Kriminal aləmi alt-üst edən qətllə bağlı “Şərq”ə danışan Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyib ki, “vorvzakon” dünyasında baş verən hər cinayətdən sonra müxtəlif versiyalar gündəmə gəlir. Lakin sabiq rəisin sözlərinə görə, kriminal avtoritetin həyat və ölümlərini siyasətlə bağlamaq düzgün yanaşma deyil:

“Oğru” aləminin üzvləri heç zaman siyasətlə məşğul olmurlar, daha doğrusu, siyasətə qoşulmurlar. Ona görə də kriminal avtoritetlərin qətllərini siyasətlə bağlamaq mümkün deyil. Bu cür cinayətlər “oğru” aləminin daxilində, avtoritetlər arasında gedən nüfuz davasının nəticəsidir. Məsələ kimin “birinci”, kimin “ikinci” olmasıdır. Birincilik uğrunda mübarizə isə çox zaman bu cür sonluqla nəticələnir”. 

Tanınmış jurnalist Elçin Alıoğlu da “Lotu Quli”nin cinayətinə münasibət bildirib. O vurğulayıb ki, Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur:

“Rövşənin qisası alındı” tipli iddialar puç və absurddur. Ümumiyyətlə, Nadirin qətli çox müəmmalıdır. “Onu öz adamı güllələdi” versiyası isə primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib. Buna həmin aləmdə “görk messici” deyirlər. Məqsəd azərbaycanlıları həmin aləmdə minimal təsir imkanları səviyyəsinə salmaqdır.

Eynən “Əmircanlı Elşən”, yəni Elşən Məmmədovun qətlində olduğu kimi, çoxgedişli kombinasiyadır. Peterburqdakı Turku küçəsində Emin Əhmədovla İsgəndər Hüseynovun saxlanması, maşında “Baykal” tapançasının və üç balaklavanın tapılmasına rəğmən, buraxılması da o kombinasiyanın tərkib hissəsi idi. Rövşən Lənkəranskini bilavasitə Merab Canqveladzenin göstərişi ilə güllələdilər.

Taro və Merab Canqveladze gizli şəkildə “Cemo” ləqəbli Camal Mikeladze ilə "Ded Xasan"ın, yəni Xasan Usoyanın qətlini təşkil etmişdilər. "Şakro Molodoy", yəni Zaxari Kalaşov 2015-də həbsdən çıxandan az sonra Canqveladze ilə görüşmüş, Rövşənə veriləcək "cəza"nı müzakirə etmişdilər”. 

Jurnalist bildirib ki, kriminal aləm həmişə olub və bundan sonra olacaq: “Hələ qədim Şumerdə şəhərlərdəki canilərin öz “qardaşlıqları” vardı, “aaon” adlanırdı.

Kriminal aləmin mövcudluğunun vacibliyinə gəldikdə isə, məncə, cəmiyyətin belə qeyri-rəsmi sosial formasiyaya ehiyacı yoxdur. Amma nə etmək olar ki, kriminalitet sosiumun bir hissəsidir və bunu nəzərə almalıyıq. Ümumiyyətlə, “kriminal romantika”nın qəti əleyhdarıyam. Kütləvi informasiya vasitələrində də kriminalitetin təbliği yolverilməzdir”.