Prezidentin mövqeyi birmənalıdır

Korrupsiyaya bulaşan məmurlara əsla güzəşt olmayacaq


Azərbaycanda daha bir icra hakimiyyətinin başçısı və müavinləri həbs olunub. Avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılıb.

Baş Prokurorluq bildirib ki, sözügedən şəxslər rayondakı səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, özəl təşkilatlardan müxtəlif məbləğdə pul vəsaitləri tələb ediblər.

Həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən qurumlardan 400 min manata yaxın rüşvət aldıqları müəyyən olunub. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə icra başçısı Ceyhun Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib.

Bir məqamı xatırladaq ki, Kürdəmir Rayon İcra Hakimiyyətindəki əməliyyat yerli vətəndaşların çoxsaylı şikayətləri əsasında aparılıb. Dövlət başçısının çağırışlarına müsbət cavab verən insanlar ictimai nəzarət funskiyasını və vətəndaşlıq missiyasını icra edərək, yerli qurumlardakı neqativ hallarla bağlı dərhal Baş Prokurorluğa müraciət ünvanlayıblar. Ekspertlərin fikrincə, vətəndaşların nəzarət mexanizmini gücləndirməsi icra hakimiyyətlərinin şəffaf fəaliyyətini təmin edəcək. 

Yeni həbslərlə bağlı “Şərq”ə fikirlərini bölüşən millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, son illər Azərbaycanda yenilənmə, müasirləşmə və yüksək inkişaf səviyyəsinə nail olmaq üçün ciddi işlər görülməkdədir. Deputatın sözlərinə görə, həyati əhəmiyyət kəsb edən, Azərbaycanın bugününə və gələcəyinə hədəflənən islahatlar geniş miqyas daşımaqda, ardıcıl və sistemli xarakter almaqdadır:

“Bunların içərisində islahatlara mane olan, cəmiyyətdə ciddi narazılıq doğuran, xalq və dövlət arasındakı münasibətlərdə problem yaradan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə önəmli yer tutur. Dəfələrlə ölkə Prezidenti məsələ ilə bağlı fikrini birmənalı şəkildə ortaya qoyub. Dövlət başçısı açıq şəkildə elan edib ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı müharibə başlanıb və bu müharibə sona qədər davam edəcək.

Xəbərdarlığa baxmayaraq, hələ də neqativ hallar aşkarlanmaqdadır. Müəyyən səlahiyyətli şəxslər yenə də ölkədə gedən proseslərdən nəticə çıxartmır, korrupsiya və rüşvətxorluq hallarını davam etdirirlər.

Xatırlayırsızsa, ölkə Prezidenti xalqa müraciət edərək insanları fəal olmağa, bütün məsələlərdə ictimai nəzarətin gözlənilməsində ciddi yer tutmağa səsləmişdi. Vurğulamışdı ki, indi fərqli bir situasiyadır və Prezident Administrasiyasına gələn ərizələr artıq kənara qoyulmur. Xalqı narahat edən məsələlərlə bağlı ərizələr daxil olarkən ciddi nəzarətə götürülür, nöqsanlar araşdırılır və dərhal aradan qaldırılır”. 

F.Ağamalının sözlərinə görə, ictimai nəzarət sistemində vacib məqamlardan biri də xalqın neqativ hallara qarşı mübarizə prosesinə geniş şəkildə cəlb edilməsidir:

“Vətəndaşların hüquqları tapdalanırsa, onlardan bu və ya digər məsələlərin həlli üçün rüşvət tələb edilirsə, bunun cavabı birmənalıdır. Burada ölkə Prezidentinin mövqeyi ortadadır. Dövlət başçısının dediyi kimi, hansı vəzifəni tutmasından və keçmiş xidmətlərindən asılı olmayaraq, korrupsiyaya bulaşan məmurlara əsla güzəşt olmayacaq. Nəticə özünü göstərməkdədir.

Ötən gün Kürdəmirin icra başçısı həbs olunub. Çox təəssüf edirəm ki, icra başçıları nəticə çıxartmırlar, çox korafəhimdirlər. Onların tamahı gözlərini elə pərdələyib ki, ölkə Prezidentinin açıq tekstlə dediyi fikirlərə, qətiyyətli tapşırıq və xəbədarlıqlara baxmayaraq, yenə də öz qanunsuz əməlləri ilə məşğul olurlar. Düşünürəm ki, bu hallara qarşı mübarizə bundan sonra da davam edəcək.

Çünki korrupsiya və rüşvətxorluq varsa, orada islahatlar ciddi nəticə verə bilməz. Bu cür hallara yol verənlərin rahat kreslolarının qapalı və qaranlıq təcridxanalarla əvəz olunmasının şahidi olacağıq”.