Avropa Birliyi Türkiyənin qarşısını ala bilməz

Aralıq dənizində hələlik heç bir Qərb ölkəsi açıq şəkildə Türkiyəni axtarışa son qoymağa çağırmır

“Türkiyənin Aralıq dənizində geoloji araşdırma işləri aparması qardaş ölkənin təbii haqqıdır”.

Bu sözləri “Şərq”ə açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Partiya sədri bildirib ki, tarix boyu bu ərazilər Türkiyənin varisi olduğu Osmanlının nəzarətində olub. İstər Yunanıstan, istər Liviya və Misir əsrlər boyu Osmanlının tərkibində qalıb: “Böyük ehtimal hər üç ölkə türklərin tabeçiliyində indikindən daha xoşbəxt, rahat və firavan həyat yaşayıblar. Türkiyənin dünya gücünə çevrilməsi prosesi karbohidrogen asılılığı azaltmaqdan keçir.



Bu amil qardaş ölkəni Aralıq dənizində geoloji kəşfiyyat işləri aparmağa məcbur edir. Türkiyə beynəlxalq hüququn prinsiplərinə dayanaraq, araşdırmasını davam etdirir.

Fransa və ipləri öz əllərində olmayan Yunanıstan, Misir kimi ölkələr Türkiyənin Aralıq dənizindəki aktivliyinə qarşı çıxır. Rəsmi Paris özünü bölgənin qeyri-rəsmi sahibi kimi aparır. Ancaq Türkiyənin hərbi-siyasi sahədə uğurları və qətiyyətli addımları bütün narazı gücləri geri çəkilməyə məcbur qoyur”. 

T.Abbaslı bəyan edib ki, hələlik heç bir Qərb ölkəsi açıq şəkildə Türkiyəni axtarışa son qoymağa çağırmır:

“Fransa, Yunanıstan, Misir kimi ölkələrin simasında Avropa Birliyi Türkiyənin qarşısını ala bilməz. Həmin dövlətlərin hərbi-iqtisadi gücü Türkiyənin önünü kəsmək üçün yetərli deyil. Əlbəttə, dövlətlərin istənilən hərbi qarşıdurması bütün tərəflərə ziyan vurur. Amma Türkiyə əvvəlki zəif və tərəddüd edən dövlət deyil. Qardaş ölkə regionda və dünyada söz sahibidir. Güclü orduya və iqtisadiyyata, eyni zamanda real iqtidar-xalq vəhdətinə sahib bir dövlətə çevrilib. Belə bir ölkənin qarşısına çıxmaq asan məsələ deyil”. 

Partiya rəhbəri Azərbaycanın Aralıq dənizində mübarizə aparan Türkiyəyə dəstək verməsi məsələsinə də münasibət bildirib.

O bildirib ki, Azərbaycan istənilən mövzuda və hər an qeyd-şərtsiz Türkiyənin yanında olmalıdır: “Güman etmirəm ki, indiki məqamda qardaş ölkənin Azərbaycanın birbaşa dəstəyinə ehtiyacı olsun. Zərurət yarandığı halda həm beynəlxalq təşkilatlarda, həm də birbaşa Türkiyəyə dəstək verilməlidir. Bu, hərbi, siyasi, iqtisadi və media müstəvisində dəstək ola bilər.

Azərbaycan neft-qaz enerjisi sahəsində kifayət qədər təcrübəyə malikdir. Türkiyəyə təcrübəli enerji mütəxəssisləri göndərə bilərik. Unutmayaq ki, Türkiyənin güclənməsi birbaşa Azərbaycanın maraqlarına xidmət edir. O baxımdan daha güclü Türkiyə naminə Azərbaycan da əlindən gələni əsirgəməməlidir”.