Başqa alternativ yoxdur

Tərəflər dəyişikliyin belaruslar üçün dağıdıcı olmasını istəmirlərsə dialoqa getməlidirlər



Avropa İttifaqı Belarusdakı seçkilərin nəticələrini tanımayıb və sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib ki, Belarusda baş verənlər geosiyasətlə bağlı deyil, milli böhrandır. Qurum rəhbəri bildirib ki, avqustun 9-da Belarusda keçirilmiş prezident seçkiləri azad və ədalətli olmayıb, beynəlxalq standartlarla uzlaşmayıb:

“Biz Belarus hökumətinin təqdim etdiyi nəticələri qəbul etmirik. Belarus xalqı daha yaxşısına və demokratik yolla lider seçməyə layiqdir. Dinc etirazçılara qarşı törədilən zorakılıq və şiddət sarsıdıcı idi və bu, qəbuledilməzdir. Biz bu qəddarlığı pisləyir və bununla bağlı şəffaf araşdırmanın başladılmasını istəyirik”. Mişel Belarus hökumətini zorakılığa son verməyə və ölkənin böhrandan çıxması üçün milli dialoqa başlamağa çağırıb. Almaniya kansleri Angela Merkel Prezident Aleksandr Lukaşenko ilə telefonla danışmaq istəsə də, cəhdi uğursuzluqla nəticələnib. Merkel, bu vəziyyətdə Belarusla dialoqda vasitəçi ola bilməyəcəyini söyləyib. Bu arada Belarus hökumətinin sərhədlərin mühafizəsini gücləndirdiyi məlum olub. Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski deyib ki, Qərb istiqamətində dövlət sərhədinin mühafizəsinə əlavə qüvvələr cəlb olunub. Onun sözlərinə görə, bu addım hazırda respublikadakı mövcud vəziyyətlə əlaqədar atılıb. 

Belarusdakı prosesləri “Şərq”ə şərh edən politoloq Natiq Miri bildirib ki, bu təcrübə Suriya və Venesuelada sınaqdan keçirilib. Siyasi şərhçi xatırladıb ki, eynən Venesueladakı seçkilərdən sonra prezident Maduroya qarşı ciddi etirazlar başlamışdı. Hətta ABŞ və müttəfiqi Avropa Birliyi Maduronun legitimliyini tanımamışdı. Bir az da irəli gedərək alternativ namizədi “ölkənin başçısı” miqyasında təqdim etmişdilər:

“Ancaq bütün təzyiqlərə rəğmən, Maduro yenə hakimiyyətdə qaldı, indi Venesueladakı etirazlardan danışan yoxdur. Rusiya Venesuelaya kiçik də olsa hərbi müdaxilə etdi və ən kritik vəziyyətdə Maduro hökumətinə yardım göstərdi. Qərbdən isə səs çıxmadı. Eyni vəziyyət Belarusda müşahidə olunur. Lukaşenkonun rahat hərəkət etməsinin səbəbi odur ki, Rusiyanın onu müdafiə edəcəyindən əmindir. Moskva Lukaşenkonu çox sevməsə də, onu qorumağa məcburdur. Rusiyanın NATO-dan qorunmaq üçün qurduğu hava hücumundan müdafiə və radar sistemləri Belarusda yerləşir. Belarus Rusiyanın Şərqi Avropada son bufer zonasıdır. Belə məqamda Moskva heç vaxt razı olmaz ki, orada qərbyönlü şəxs hakimiyyətə gəlsin”. 

Analitik Belarusda çox mürəkkəb situasiyanın yarandığını vurğulayıb:

“Doğrudur, hələlik Rusiyanın hərbi müdaxiləsinə ehtiyac yoxdur. Amma lazım olan məqamda buna səbəb tapıla bilər. 2009-cu ilin fevralında KTMT daxilində “çevik əməliyat qüvvələri” yaradılıb. Əsasnaməyə görə, qurum üzvünə hər hansı təhlükə yaranarsa, çevik qüvvələr dərhal müdaxilə edə bilər. Əgər zərurət yaranarsa, Rusiya KTMT çətiri altında Belarusa qoşun yeridər. Hələlik Moskva çalışır ki, Qərb ölkələri Lukaşenkonun legitimliyini tanısınlar. Merkel və digər Avropa liderləri Lukaşenkonu prezident kimi qəbul etmədikləri üçün Belarus rəhbəri onlarla görüşdən imtina edir və bütün müzakirələri Rusiya lideri Vladimir Putinin öhdəsinə buraxır”.

N.Mirinin qənaətincə, Belarusda proseslərin normallaşması siyasi hakimiyyətlə dialoqdan keçir:

“Başqa alternativ yoxdur. Tərəflər dəyişikliyin belaruslular üçün dağıdıcı olmamasını istəyirsə, danışıqlara razılıq verməlidirlər. Əks halda ölkə Suriyaya dönə bilər”.